İsrail Suriya ilə danışıqların nəticəsiz qaldığını açıqladı
İsrail Suriya hakimiyyəti ilə əlaqə kanallarının olduğunu və Suriya Prezidenti Əhməd əl-Şaranı dialoq aparıla bilən tərəf kimi gördüyünü açıqlayıb.
AFN.az xəbər verir ki, bu barədə “i24NEWS” telekanalı yüksək vəzifəli İsrail siyasi mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İsrailin Suriya hakimiyyəti ilə müxtəlif səviyyələrdə əlaqə kanalları mövcuddur. O, əsas məsələnin bu dialoqun məzmunundan ibarət olduğunu bildirib.
İsrail rəsmisi təxminən bir il əvvəl iki ölkə arasında təhlükəsizlik sahəsində razılaşma əldə etmək məqsədilə danışıqlar aparıldığını, lakin tərəflərin razılığa gələ bilmədiyini deyib.
“Biz əvvəllər, təxminən bir il əvvəl təhlükəsizlik sahəsində razılaşma əldə etmək üçün dialoq aparmışdıq. Sonda buna nail olmaq mümkün olmadı”, - deyə mənbə bildirib.
Qeyd edək ki, daha əvvəl Əbu Məhəmməd əl-Culani adı ilə tanınan Əhməd əl-Şara hazırda Suriyanın keçid hakimiyyətinə rəhbərlik edir.
