Rubio: Hörmüz boğazı İranın nəzarətində olmayacaq
ABŞ Dövlət katibi Marko Rubio İranın Hörmüz boğazına nəzarəti itirdiyini və ABŞ-ın su yolunun İranın nəzarətinə keçməsinə imkan verməyəcəyini bildirib.
AFN.az xəbər verir ki, Rubio bunu Brayan Kilmidin radio proqramında deyib.
Onun sözlərinə görə, İran boğazda kommersiya gəmilərinə atəş açmaqda davam edir, ABŞ isə qüvvələri və beynəlxalq gəmiçiliyə birbaşa təhlükə yaradan hədəflərə zərbələr endirəcək.
Rubio bildirib ki, İranın daha əvvəl yerləşdirdiyi dəniz minaları ABŞ qüvvələri tərəfindən məhv edilib və bunun nəticəsində gəmiçilik marşrutları genişlənib.
ABŞ dövlət katibi Hörmüz boğazının açıq qalacağını və İranın nəzarətində olmayacağını vurğulayıb.
