BMT: “Vilayət Xorasan” Əfqanıstanda döyüş qabiliyyətini qoruyur
Əfqanıstanda fəaliyyət göstərən “Vilayət Xorasan” qruplaşması döyüş qabiliyyətini qoruyur və MDB ilə ŞƏT ölkələri üçün transsərhəd risklər yaradır.
AFN.az xəbər verir ki, bunu BMT baş katibinin köməkçisi, təşkilatın Terrorla Mübarizə İdarəsinin rəhbəri vəzifəsini icra edən Aleksandr Zuev Minskdə keçirilən MDB və ŞƏT-in Terrorla Mübarizə Forumunda deyib.
Zuevin sözlərinə görə, İŞİD-lə əlaqəli “İraq və Şam İslam Dövləti – Xorasan” qruplaşması Əfqanıstanda ən döyüş qabiliyyətli silahlı qruplaşmalardan biri olaraq qalır. Qruplaşmanın region ölkələrində hücumların həyata keçirilməsinə dəstək verdiyi və bu cür aksiyalara çağırışlar etdiyi bildirilir.
O qeyd edib ki, qruplaşma yerli qeyri-sabitlikdən yeni üzvlərin cəlb edilməsi və əməliyyatların planlaşdırılması üçün istifadə edir. Bu tendensiyalar MDB və ŞƏT məkanındakı ölkələr, o cümlədən terrorçuların cəlb edilməsi və terrorçuluğun maliyyələşdirilməsi baxımından transsərhəd risklər yaradır.
BMT rəsmisi terrorçuların yeni və müasir texnologiyalardan istifadə imkanlarının sürətlə inkişaf etməsini də əsas çağırışlardan biri kimi göstərib. Onun sözlərinə görə, bu texnologiyalardan terrorçuluğun maliyyələşdirilməsi məqsədilə də istifadə olunur.


