ABŞ və Google süni intellekt üçün bioloji məlumat bazalarının yaradılması layihəsinə qoşulub



ABŞ Enerji Nazirliyi, ABŞ Milli Səhiyyə İnstitutu (NIH) və ABŞ-ın texnologiya şirkəti Google-ın süni intellektin bioloji tədqiqatlar üçün təlimində istifadə ediləcək məlumat bazalarının yaradılmasını hədəfləyən layihəyə qoşulduğu bildirilib.

AFN.az xəbər verir ki, Meta-nın Baş direktoru (CEO) Mark Zukerberq və həyat yoldaşı Prissilla Çan tərəfindən yaradılan, Virtual Biologiya Təşəbbüsü adlı süni intellekt layihəsinin inkişaf etdiricisi Biohub tədqiqat təşkilatının internet saytında yayımlanan yazılı açıqlamaya görə, layihəyə yeni maliyyələşdirmə tərəfdaşları əlavə olunub.

Buna əsasən, Meta və Isomorphic Labs ilə yanaşı, ABŞ Enerji Nazirliyi, NIH və Google da süni intellektin xəstəliklərin proqnozlaşdırılması və müalicəsində istifadə edilməsi üçün bioloji məlumat bazaları vasitəsilə təlimini nəzərdə tutan layihəyə investisiya yatırmağı və töhfə verməyi öhdələrinə götürüblər.

Beləliklə, maliyyələşdirmə, məlumat və texnologiyalar da daxil olmaqla layihəyə ayrılan ümumi resursların dəyəri 1,8 milyard dollara çatıb.

NIH tərəfindən layihədə istifadəsi koordinasiya ediləcək mövcud məlumatlar Biohub tərəfindən süni intellektin təlimində istifadə olunması üçün standartlaşdırılacaq.

Layihə çərçivəsində yaradılan məlumat bazaları dünyanın müxtəlif ölkələrindəki tədqiqatçıların istifadəsinə açıq olacaq.

Biohub-un Elmi Bölməsinin direktoru Aleks Rives açıqlamada layihə ilə bağlı qiymətləndirməsində düzgün bioloji proqnoz modelinin alimlərə təcrübələri rəqəmsal şəkildə aparmağa imkan verərək elmi kəşfləri əhəmiyyətli dərəcədə sürətləndirə biləcəyini bildirib. O qeyd edib ki, bu yolla əldə ediləcək məlumatlar xəstəliklərin daha əhatəli şəkildə anlaşılmasına yol aça və müalicə üçün yeni üsulların yaradılmasına imkan verə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu