Alberta Kanadadan ayrılmaq məsələsi ilə bağlı referenduma gedir



Kanadanın neftlə zəngin Alberta əyalətində oktyabr ayında keçiriləcək referendum öncəsi müstəqilliyin əyalət iqtisadiyyatına mümkün təsirləri geniş müzakirələrə səbəb olub. 

AFN.az xəbər verir ki, əyalətin müstəqilliyini müdafiə edənlər zəngin neft və təbii qaz ehtiyatları sayəsində iqtisadi baxımdan özlərini təmin edə biləcəklərini və Ottavaya köçürülən vergi gəlirlərinin əyalətdə qalması ilə böyük rifah artımı yaşanacağını proqnozlaşdırırlar.

Bölgədəki müstəqillik tərəfdarları əyalətin malik olduğu insan resursları, qurumlar və infrastruktur baxımından digər əyalətlərdən fərqləndiyini müdafiə edirlər.

Ayrılma tərəfdarı qrupların hesablamalarına görə, federal vergilərin ödənilməməsi və yeni dövlət xərclərinin çıxılması halında hər il milyardlarla dollarlıq büdcə profisiti əldə edilə bilər və bunun sayəsində fərdi vergilər azaldıla bilər.

Bununla belə, əyalət rəhbərliyi və iqtisadçılar ayrılmanın çox ağır maliyyə yükü yaradacağı barədə xəbərdarlıq edirlər.

Hökumətin hazırlatdığı hesabatlar keçid prosesinin yüz milyardlarla dollara başa gələ biləcəyini, həmçinin əyalətin milli borcdan pay alması halında böyük borc yükü ilə üzləşəcəyini ortaya qoyur.

Mütəxəssislər Brexit prosesini nümunə göstərərək uzunmüddətli qeyri-müəyyənliyin investisiyalara və ticarətə mənfi təsir göstərəcəyini, ev təsərrüfatlarının gəlirlərinin azalacağını və on minlərlə iş yerinin itirilə biləcəyini bildirirlər.

Baş nazir Mark Karni də bu prosesin əyalət iqtisadiyyatına ciddi zərbə vura biləcəyi barədə xəbərdarlıq edir.

Oktyabrın 19-da səsverməyə gedəcək Albertalılar Kanadada qalıb-qalmamaqla yanaşı, gələcəkdə hüquqi qüvvəyə malik müstəqillik referendumunun keçirilib-keçirilməyəcəyinə səs verəcəklər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu