İranla müharibə ABŞ-a 150 milyard dollardan baha başa gələ bilər
ABŞ-ın İrana qarşı fevralın 28-də başladığı hərbi əməliyyatlar Amerika iqtisadiyyatına artıq 151 milyard dollardan çox ziyan vurmuş ola bilər.
AFN.az "The Telegraph" qəzetinə istinadən xəbər verir ki, Pentaqon müharibənin dəyərini 37,5 milyard dollar qiymətləndirsə də, ekspertlər real xərclərin bunun dəfələrlə çox olduğunu bildirirlər.
Harvard Universitetinin professoru Linda Bilmsin sözlərinə görə, rəsmi hesablamalara dövlət borcunun artımı, yanacaq qiymətlərinin bahalaşması, hərbi texnikanın bərpası və digər uzunmüddətli iqtisadi itkilər daxil edilmir. Onun fikrincə, münaqişənin yekun dəyəri gələcəkdə 1 trilyon dollara çata bilər.
Nəşr yazır ki, müharibə nəticəsində ABŞ-da benzinin qiyməti təxminən 21,7%, dizel yanacağının qiyməti isə 36,7% bahalaşıb.
"The Telegraph"ın hesablamalarına görə, münaqişə zamanı 18 amerikalı hərbçi həlak olub. Pentaqon isə rəsmi olaraq 14 hərbçinin öldüyünü açıqlayıb.
Qəzetin yazdığına görə, analitiklər hesab edirlər ki, uzunmüddətli müharibə ABŞ-ın təkcə iqtisadiyyatına deyil, həm də Çin və Rusiyaya qarşı qlobal strateji imkanlarına mənfi təsir göstərə bilər.
