Erkən yaşda smartfon istifadəsi yemək pozuntusu riskini artırır



ABŞ-də təxminən 9 min yeniyetmə üzərində aparılan yeni araşdırma 12 yaşında smartfona sahib olmağın yemək pozuntusu əlamətləri riskini nəzərəçarpacaq dərəcədə artırdığını ortaya qoyub.

AFN.az xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisko (UCSF) kampusunun alimlərinin apardığı araşdırmada 12 yaşında smartfonu olan uşaqların hər hansı yemək pozuntusu əlaməti bildirmə ehtimalının 36 faiz daha yüksək olduğu müəyyən edilib.

Eyni qrupda həddindən artıq yemək əlamətlərinə 61 faiz daha çox rast gəlindiyi müəyyənləşib.

Araşdırmada iştirak edən 12 yaşlı uşaqların təxminən 70 faizinin smartfona sahib olduğu qeyd edilib.

Nəticələr JAMA Network Open jurnalında dərc olunub.

Araşdırmaya görə, 12 yaşından etibarən smartfondan istifadə edən uşaqlar 14 yaşına çatdıqda telefonu olmayan yaşıdları ilə müqayisədə hər hansı yemək pozuntusu əlaməti bildirmə riskində 49 faiz artım müşahidə edilib.

Bundan başqa, bu uşaqların öz dəyərlərini çəkiləri ilə əlaqələndirmək ehtimalı 103 faiz daha yüksək olub.

Araşdırmaya rəhbərlik edən UCSF-dən uşaq xəstəlikləri üzrə mütəxəssis Ceyson Naqata və onun komandası erkən yaşda nəzarətsiz smartfon istifadəsinin yeniyetməlik dövründə bədənindən narazılığı artıra biləcəyini bildiriblər.

Müəlliflər yemək pozuntularının ciddi və potensial olaraq həyat üçün təhlükəli hallar olduğunu, lakin onların əksəriyyətinin qarşısının alına bildiyini qeyd ediblər. Böyük sosial media platformalarının 13 yaş həddini tətbiq etməsinə baxmayaraq, bu məhdudiyyətin asanlıqla keçilə bildiyi vurğulanıb.

Nəticələr smartfonların yemək pozuntularına birbaşa səbəb olduğunu sübut etmir. Lakin erkən yaşda sosial mediaya nəzarətsiz çıxışın, xüsusilə yeniyetməlik dövründə bədən imici ilə bağlı problemləri ağırlaşdıra biləcəyi vurğulanır.

Tədqiqatçılar valideynlərə bu riski nəzərə almağı, klinisistlərə isə yemək pozuntularının qiymətləndirilməsi zamanı smartfon və sosial media istifadəsini də soruşmağı tövsiyə edirlər.

Sosial mediada idealizə edilmiş bədən görüntülərinin və fitnesə yönəlmiş paylaşımların gənclərdə bədənindən narazılığı artırdığı və sağlam olmayan qidalanma vərdişlərini təşviq etdiyi bildirilir.

Erkən yeniyetməlik dövründə özünənəzarətin hələ tam inkişaf etməməsi və sosial qiymətləndirməyə həssaslığın yüksək olması da yemək pozuntusu riskinin artdığı mərhələ kimi önə çıxır.

Mütəxəssislər rəqəmsal cihazların tamamilə zərərli olmadığını, onlardan istifadə formasının müddətdən daha vacib ola biləcəyini də xatırladırlar.

Lakin əldə olunan nəticələr uşaqlara smartfon verilmə yaşının diqqətlə qiymətləndirilməsinin vacibliyini göstərir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu