"Disney" televiziya biznesini yenidən qurur: yüzlərlə işçi ixtisar ediləcək


Dünyanın ən böyük əyləncə və media şirkətlərindən biri olan “Walt Disney” televiziya biznesini yenidən qurmağı və yüzlərlə iş yerini ixtisar etməyi planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, şirkət rəhbərliyi planın təfərrüatlarını müzakirə edir. Hazırlıq prosesinin 2027-ci ilədək uzana biləcəyi bildirilir.

Yenidən təşkilatlanma televiziya biznesinin striminq xidmətlərinin xüsusiyyətlərinə uyğunlaşdırılmasını nəzərdə tutur. İxtisarların ABC Entertainment, 20th Television, Hulu Originals, National Geographic və Freeform bölmələrinin menecerlərini əhatə edəcəyi gözlənilir.

Bu addımlar şirkətin çoxsaylı və bir-birinin funksiyalarını təkrarlayan bölmələrdən ibarət mürəkkəb strukturunu optimallaşdırmaq məqsədi daşıyan daha geniş tədbirlərin tərkib hissəsi olacaq.

Disney-in prezidenti və baş kreativ direktoru Dana Uolden oktyabrın 1-də keçirilən mətbuat konfransında şirkətin televiziya biznesini mərkəzləşdirmək istədiyini bildirib. O, təşkilati strukturun mütəmadi olaraq yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

Disney-də bəzi bölmələr üzrə ixtisarlar artıq başlayıb. Çərşənbə axşamı 300-dən çox əməkdaş işdən çıxarılıb. Onların əksəriyyəti kadrlar və informasiya texnologiyaları şöbələrində çalışıb.

Hüquq məsələləri və beynəlxalq əlaqələrlə məşğul olan bölmədə də ixtisarlar planlaşdırılır. Həmin bölməyə rəhbərlik edən Horasio Qutyerres xidməti məktubunda avtomatlaşdırma vasitələrinin tətbiqi ilə əlaqədar komandasının sayının xeyli azalacağını qeyd edib.

2025-ci ilin sentyabr ayının sonuna olan məlumata görə, Disney-də təxminən 231 min nəfər çalışıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu