Qanunvericilikdə yoxdur, amma yola belə nişan qoyulub: sürücülərdə çaşqınlıq yaradır-VİDEO
Bakıda yol nişanı sürücüləri çaş-baş salıb. Nişan yol hərəkəti üzrə qanunvericilkdə yoxdur, amma uzun illərdir ki, hərəkət yolda bu nişanla tənzimlənir. Sözügedən yoldan istifadə edən sürcülər də, nişanın qanunvericiliyə uyğun olmadığını bilirlər, amma olduğu kimi əməl edirlər.
AFN-in xezerxeber.az-ə istinadən məlumatına görə, söhbət Cavanşir körpüsünün altından körpünün üzərinə və Yüsif Səfərov istiqamətinə gedən yoldan gedir.
Yolun sol hissəsində hərəkəti tənzimləmək üçün belə bir nişan qoyulsa da, qanunvericilikdə öz əksini tapmayıb.
Elə sürücülər də sözügedən nişanın qanunvericiliklə nəzərdə tutulmadığını, lakin məcbur olaraq əməl etdiklərini deyirlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, qanunvericilikdə qeyd olunmayan bu nişan istənilən halda sürücülərdə çaşqınlıq yarada bilər. Amma bu nişana görə heç bir sürücü cərimə edilə bilməz.
Ərşad Hüseynov onu da bildirib ki, sözügedən ərazidə hərəkət mütləq qanunvericiliyə uyğun şəkildə nizamlanmalıdır.
Məsələylə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, həmin nişan həqiqətən də yol hərəkəti haqqında qanunda yoxdur. Sadəcə vəziyyətə uyğun olaraq yol çəkilərkən aidiyyəti qurum tərəfindən qoyulub və bu da sürücüləri çaşdırmamalıdır. Ərazidəki nişan məlumatverici nişan kimi qəbul edilə bilər və buna görə hər hansı sürücünün cərimələnməsindən söhbət belə gedə bilməz.
Vaqif Əsədov onu da qeyd edib ki, bu sujetdən sonra məsələylə bağlı aidiyyəti üzrə qərar qəbul edilə bilər.