"Xırman" şirkətindən "30 fevral" tarixli qida məhsulu ilə bağlı açıqlama- FOTO




Sosial şəbəkələrdə "Xırman" şirkətinə məxsus "Qaymaq Premium" qida məhsulunun fotosu paylaşılmaqdadır. Fotodan göründüyü kimi, məhsulun istehsal tarixi 30.12.2018-ci il, son istehlak tarixi isə 30.02.2019-cu ili göstərir. Daha doğrusu, Azərbaycan məhsulu olan bu qida növündən istifadə fevral ayının 30-adəkdir. Halbuki, fevral ayı ümumiyyətlə, heç vaxt 30 gün olmur! Bu da o deməkdir, sözügedən şirkətdə məsuliyyətsizlik pik nöqtədədir.



Məsələ ilə bağlı “Xırman şirkəti”nin layihə rəhbəri Leyla Quliyeva ilə əlaqə saxladıq. Şirkət sözçüsü cəmiyyətdə yaranmış gərginliklə bağlı xəbərdar olduqlarını söylədi:

- Məhsulumuzdan yad bir cisim çıxmayıb, hər bir şey qaydasındadır. Bircə “fevral” məsələsidir də. Texnikadır də... insan beyni deyil ki... texnika insan tərəfindən avtomatlaşdırır. Müştərimiz paylaşıb, biz hər kəsə hörmətlə yanaşırıq. Amma biz burda dəhşətli dərəcədə səhv görmürük. Texniki səhvdir də, hər kəsin başına gələ bilər. Forsmajor vəziyyətdən heç kim sığortalanmayıb.

- Belə çıxır ki, “texniki səhv” dediyiniz hadisə hər an hər hansı bir məhsulunuzun başına gələ bilər?! Yəni qəflətən vaxtı keçmiş bir məhsulunuzun da üzərinə yeni tarix yazılar

- Xeyr, elə bir şey mümkün deyil. Çünki bəzi vaxtı qısa olan məhsulların etiketindəki tarixlər başqa aparat tərəfindən yazılır. Amma şüşənin üzərinə vurulan etiketlər, bu da başqa avadanlıq tərəfindən yazılır. Düzdür, mən demirəm ki, bu bizim məsuliyyətimiz kənarındadır, təbii ki, burda işçi məsuliyyətsizliyi olub, fikir verməliydi, üzərinə bir-bir baxılmalıydı. Təbii ki, bunları inkar etmirik. Amma bu, şişirdiləsi bir məsələ deyildi. Təbii, bununla bağlı iradlar bildirilib. İş görülür də bununla bağlı aidiyyatı orqanlarda. Biz hesab etmirik ki, bu, hər hansı bir ciddi səhvdir.

- Hadisə şişirdilməklə yanaşı, həm də şirkətiniz gülüş obyektinə çevrilib...

- Ətrafımızda o qədər problemlər, səhvlər var ki, onların yanında bunu şişirtmələri... görünür, diqqətli olmalıyıq. Bu, QOST texnologiyadır. Biz insanları aldatmırıq. İstehsalla bağlı heç bir səhvimiz çıxmayıb. Bu prosesdən hali olanlar bilirlər ki, məhsulun üzərinə etiketi avadanlıq vurur. O da 60 gündənbir hesabladığına görə fevralın 28 və ya 29 və yaxud da 30-31 olmadığını bilmir. Təbii ki, səhvimiz o oldu ki, şüşələrin üzərinə baxılmalıydı.

- Məhsullarınız yığışdırılıb mağazalardan? Yoxsa satışa davam edirsiniz

- Yığışdırılıb. Biz gecə bilmişik. Səhərdən etibarən işə başlamışıq

- Qida Təhlükəsizliyi Agentliyi məsələdən xəbərdardırnı? Sizə irad bildirilib

- Bəli, bildirilib.

P.S. “Xırman” şirkətinin məsul işçisi sözügedən hadisəni texniki avadanlığın səhvi adlandırsa da, bu hadisəni şişirtməyi mənasız hesab etsə də, əslində, ciddi bir problem qabardılıb! Əvvəla, məhsulun üzərində son tarix yoxdur, bu da o deməkdir ki, müştəri zəmanətsiz mal alır. Bu, işə qarşı məsuliyyətsizlik, müştərilərə olan diqqətsizlik və hörmətsizlikdən savayı bir şey deyil. Burdan belə görünür ki, mal alarkən daha diqqətli olmalıyıq! İstehsal və son istehlak tarixlərinə nəzarəti gücləndirməliyik. Bundan başqa, böyük şirkətlərin mallarına üstünlük verməliyik.



Mənbə:Mediapress.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu