Plastik cərrah Vaqif Qələndərli 8 yaşlı uşağı şikəst edib- iş prokurorluqdadır+FOTOLAR




Tanınmış plastik və rekonstruktiv cərrah, professor Vaqif Qələndərli prokurorluğa verilib və törətdiyi əməllə bağlı cinayət işinin açıldığı bildirilir. Buna səbəb 8 yaşlı uşağı səhv müalicə etməsi, nəticədə barmaqlarından birini itirməsi olub.

AFN xəbər verir ki, bu barədə 8 yaşlı Murad Şaldıyevin anası Pərvanə Şaldıyeva məlumat verib. Onun sözlərinə görə, keçən il oktyabrın 16-da axşam saat 5-6 radələrində evlərinin həyətlərində uşaq yıxılıb. Bu zaman həyətdəki mərmər daşın başlığı qırılıb və sağ əlinin üzərinə düşüb. Valideynləri dərhal M.Şaldıyevi Travmatologiya İnstitutuna aparıblar, xəstəxanada rentgenə salınıb, əl gipsə qoyulub. Axşam olduğu üçün məsləhət görülüb ki, uşaq evə aparılsın, səhər acqarına xəstəxanaya gətirilsin. Çünki narkoz verilərək əməliyyat olunmalı imiş.

P.Şaldıyeva qeyd edib ki, axşam ailə üzvləri qohumları olan professor, plastik cərrah Vaqif Qələndərli ilə danışıblar. V. Qələndərli səhər M. Şaldıyevi yanına gətirmələrini məsləhət görüb:"Səhər Vaqif Qələndərlinin rəhbəri olduğu Qələndərli Klinikasına getdik. Vaqif Qələndərli indi uydurar ki, telefon danışığı hadisədən bir gün sonra olub. Bu, uydurmadır. Sonradan onu da bildik ki, o, travmotoloq yox, sadəcə, plastik cərrah imiş. Həmin vaxt bizə dedi ki, qopmuş qol tikib, Azərbaycanda ondan başqa bu əməliyyatı heç kim edə bilməz. Mən də qohum olduğu üçün ona inandım. Dedi ki, narahat olmayın, barmaq yerində olacaq, sadəcə, 20 faiz qatlanmağında problem ola bilər. Biz də dedik ki, qatlanmağında eybi yoxdur, barmaq yerində olsun. 17 oktyabr səhər saatlarında əməliyyat oldu. Xəstəxanada 1 gün qaldıq, 18-də çıxdıq. 4 gün sonra Vaqif Qələndərli dedi ki, ABŞ-a gedir, 2 həftə orada olacaq, xəstəxanaya gəlin, tibb bacısı sarğısını dəyişəcək. Tibb bacısı baldızı, klinikanın baş həkimi isə atasıdır”.

P.Şaldıyeva sarğı dəyişən zaman uşağın barmağının qaraldığını, sarğıdan iy gəldiyini görüb. Tibb bacısından soruşanda isə həkimin xəbərinin olduğunu, narahatlığa əsas olmadığını söyləyib:"Tibb bacısı dedi ki, narahat olmayın, dırnaq qaralıb düşəcək, yerinə yenisi bitəcək. Sonradan uşağın əlinin şəklini çəkdim, başqa həkimlərə göstərdim, qanqrena olduğunu dedilər. 1 həftədən sonra Vaqif Qələndərli gəldi, bizə dedi ki, narahat olmayın, qanqrena yoxdur. Uşağın əlinin şəklini Türkiyəyə göndərdim, oradan həkim rəyi gəldi ki, qanqrenadır, ələ keçir. Türkiyədə, Bakıda heç bir həkim uşağı götürmədi ki, qanqrenadır. Vaqif Qələndərli noyabrın 13-də yenidən uşağı əməliyyata saldı, barmağını kəsdi. Dedi ki, alınmadı, barmaq bitişmədi. Hətta mənin əvəzimdə razılıq kağızı imzaladıb, prokurorluğa təqdim edib. Guya, mən barmağın kəsilməsinə icazə vermişəm. Prokurorluğa müraciət etmişəm, cinayət işi açılıb. Həmin imzalanan sənəd ekspertizadadır, inşallah, kimin mənin əvəzimə qol çəkdiyi üzə çıxacaq”.

V. Qələndərlinin ikinci əməliyyatından sonra M. Şaldıyev yenidən Travmatologiya İnstitutuna aparılıb. Noyabrın 15-də yenidən uşağın əli rentgenə salınıb. İnstitutun əl cərrahiyyəsi şöbəsinin müdiri Fikrət Qafarov V. Qələndərlinin özü ilə də danışıb: "Fikrət Qafarov dedi ki, barmaqda yara irinli, iltihablıdır, əgər keçməsə, yenidən əməliyyat olunmalıdır, sümük qırıntıları qalıb. İndi uşağı heç bir həkim götürmür ki, iş prokurorluqdadır, qorxuruq. Vaqif Qələndərli hazırda ekspertizaya təzyiq edir. İnsanın klinikası olanda belə olmalıdır?! İnşaallah, bu körpənin ahı yerdə qalmaz ”.

Ana bildirir ki, əməliyyat üçün xəstəxanaya 1000 manat məbləğində pul ödəyiblər: "Amma indi məni daha çox uşağımın sağlığı maraqlandırır. 4 aydır məktəbə gedə bilmir, idmandan qalıb. Sağ əlidir, onun gələcəkdə axırı necə olacaq?! "

V.Qələndərli BakuPost-a açıqlamasında iddialarla razılaşmayıb: "Uşağın barmağı daş altında çox möhkəm əzilmişdi. 1 sutkadan sonra bizə gətirildi, müayinə edəndə gördük ki, barmağın üzü göyərib, artıq çürümüşdü. Biz onu dibindən kəsməmək, yarıdan çoxunu qorumaq üçün müalicəyə başladıq, müəyyən müddət gözləməliydik ki, görək, barmaq necə reaksiya verəcək. Bizim təcrübəmizdə belə əməliyyatlar çox olub. Mən 2 dəfə bədəndən qopmuş qolu bərpa etmişəm. Təəssüf ki, bu uşaqda barmağın qurtulmaq şansı yox idi. Barmağın boynunu nə qədər qoruyub saxlaya bildiksə, saxladıq”.

Pasiyentlə qohumluq əlaqələrinin olmadığını söyləyən V. Qələndərli deyib ki, onlar uzaq qohumlarının tanışlarıdır:"Zəng etdilər, qəbul etdik. Lap qohum olsa da, yad olsa da, vəziyyətə uyğun nə lazım idisə etdik. İndi valideyndir, onu da anlayırıq. Amma bir həkim kimi qəti şəkildə deyirəm ki, burda tibbi səhv olmayıb. O uşaq hansı klinikaya, lap Türkiyəyə də aparılsaydı, o barmaq dibindən kəsiləcəkdi. İndi şikayət edir, prokurorluğa verir, versin. Belə hallarda uşaq 6-8 saat ərzində çatdırılsa daha yaxşı olardı, 1 sutka keçib. Barmağın sümükləri də, damarları, əzələsi də dibindən dağılmışdı, barmağa qan gəlmirdi. Tibb ictimaiyyəti nə dediyimi gözəl anlayır. Mən bu əməliyyatlar üzrə peşəkaram. Cihazlarda, avadanlıqda qalıb qopmuş əli, qolu yerinə tikirəm. Bir şərtlə ki, tez müdaxilə olunsun. Kaş ki, bizim də əlimizdən nəsə gələydi, amma mümkün deyildi. Barmaq dibdən də kəsilə bilərdi. Amma biz barmağın boynunu saxladıq. Əməliyyatdan xeyli aylar keçib, həmin əldə hər hansı qaralma, nekrozlaşma bundan sonra mümkün deyil”.





























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu