Ləğv olunan qurumların işçilərinin aqibəti necə olacaq?- AÇIQLAMA
"Həyata keçirilən struktur islahatları ilə yanaşı, ləğv olunan qurumlarda çalışan işçilərin hüquqlarının təmin edilməsi məsələsi də dövlətin diqqət mərkəzindədir".
AFN xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin optimallaşdırılması istiqamətində aparılan son struktur islahatları insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına xidmət edir: "Məlum olduğu kimi, hüquqi dövlətin mühüm prinsiplərindən biri insan və vətəndaşların hüquq və azadlıqlarının təminatı prinsipidir. Müasir dövrdə dövlətlərin demokratiklik əmsalı dövlətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi, sosial-iqtisadi inkişaf göstəriciləri ilə müəyyənləşir".
A.Səfixanlı əlavə edib ki, Azərbaycan dövləti daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə yönələn siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır.
Aparat rəhbəri qeyd edib ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunması həyata keçirilən son struktur islahatlarının əsas mahiyyətini təşkil edir.
A.Səfixanlı deyib ki, dövlətin struktur islahatlarının aparılması ilə bağlı dövlət başçısının imzaladığı fərmanlara uyğun olaraq ləğv olunan qurumlarda (struktur bölmələrində) işləyən işçilərin digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlərin görülməsi xüsusi olaraq tapşırılıb və xüsusi nəzarətə götürülüb:
"Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların əmək hüquqlarının bərpa olunması şərti ilə müvafiq işlə təmin edilməsi barədə "Azərenerji" ASC-yə göstərişini də xüsusi vurğulamaq lazımdır".
İşçilərin müvafiq dövlət qurumlarında işlə təmin edilməsi ilə bağlı son günlər atılan addimlar dövlətin məqsədinin məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan insanın maraqlarına xidmət etdiyini bəyan edir.