Melioservis İdarəsinin rəhbəri İslam Sarıyev Ağdamda kənd təsərrüfatını çökdürür- İTTİHAMLAR




Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nəzdində 23 melioservis idarəsi fəaliyyət göstərir.
Melioservis idarələri müqavilə əsasında Səhmdar Cəmiyyətin təşkilatlarına, fermerlərə, digər torpaq sahibkarlarına melioservis xidməti göstərir, müxtəlif növlü torpaq işləri görür, çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirlərini və digər təmir işlərini həyata keçirirlər. Təbii ki, bu funksiyaların icrası rayonlarımızda kənd təsərrüfatının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Lakin təəssüflər olsun ki, bu idarələrə rəhbərlik edən şəxslərin heç də hamısı qarşıda duran vəzifələrin əhəmiyyətini düzgün qiymətləndirmirlər.


AFN xəbər verir ki, millətinsəsi.info saytı Ağdam rayon melioservis idarəsinin fəaliyyətində yer almış ciddi nöqsanlardan yazıb. “Ağdamın iqlim şəraiti daha çox yağmurlu olduğundan, burada çaylarda tez-tez sellər əmələ gəlir” deyə saytın məqaləsində bildirilir: “Deyilənlər nəzərə alınaraq dağ çaylarının, sel sularının zərərli təsirinin qarşısını almaq, ərazidə yerləşən təsərrüfatların və əhalinin təhlükəsizliyini təmin etmək üçün mühafizə tədbirlərinin həyata keçirilməsi də rayonun suvarma idarəsi ilə yanaşı, həm də rayon Melioservis İdarəsinin vəzifələrinə aiddir.

Əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. Lakin aldığımız məlumatlarda Ağdam Melioservis İdarəsinin rəisi İslam Sarıyevin səhlənkarlığı və öz işində yol verdiyi bir çox qanun pozuntuları səbəbindən bütün bu işlərin icrasında kifayət qədər ciddi nöqsanların müşahidə olunduğu bildirilir.
Qeyd olunur ki, idarədə maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur.
Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. İdarədə mövcud olan texniki avadanlıqlar, traktorlar və s. kimlərəsə icarəyə verilib”.
Məqalədə qeyd olunur ki, idarənin qeyri-qənaətbəxş işi əraziyə xidmət göstərən suvarma idarəsinin və digər struktur bölmələrinin də fəaliyyətinə mənfi təsir göstərir. Həmçinin o da iddia edilir ki, İslam Sarıyevin yuxarı dairələrdə nüfuzlu himayədarlarının olması, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən bu idarə rəisinə qarşı hər hansı tədbir görülməsi imkanlarını da xeyli məhdudlaşdırır. Bu vəziyyət isə ilk növbədə Ağdamda kənd təsərrüfatının inkişafına əngəl yaradır.

AFN qeyd edilən iddialarla bağlı İ.Sarıyevin mövqeyini öyrənib. Yazılanları “ağ yalan” adlandıran idarə rəhbəri bildirib ki, Mİ təsərrüfat hesablı qurumdur: “Bizə kimsə iş verəndə onu görürük, büdcə deyil ki, planlı şəkildə vəsait ayrılsın işimizi görək. Texnikaların icarəyə verilməsi, silinməsi barədə yazılanlar da tamamilə yalan-yanlış məlumatlardır. Biz büdcə təşkilatı deyilik ki, texnika və avadanlıqlar silinsin, şəxsi məqsədlər üçün istifadə olunsun. Bilirsiniz, bu il “Kənd təsərrüfatı ili”dir, kimlərsə belə məsələləri qabartmaqla nəyəsə nail olmaq istəyir. Görülən işləri nədənsə heç kim görmək istəmir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu