Şahin Məmmədov prezidentin çağırışından ruhlanıb 1 hektar fındıq bağı saldı, amma...- VİDEO+FOTOLAR




Xaçmaz rayonun Çiləgir kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin Xaçmaz regional şöbəsinə məxsus torpaq sahəsi qanunsuz olaraq əhaliyə satılır. Artıq meşə fonduna daxil olan torpağın 1 hektara yaxın hissəsi Mürşüdoba kənd bələdiyyəsi tərəfindən Çiləgir kəndinin 5 sakini arasında qanunsuz olaraq bölüşdürülüb.[b][/b]



Bu şikayətlə virtualaz.org saytına həmin meşə təsərrüfatında fındıq bağı salan Şahin Məmmədov müraciət edib.

Şikayətçi deyir ki, prezident İlham Əliyev meşə təsərrüfatı idarələrinə balanslarında olan boş ərazilərdə fındıqçılığın inkişaf etdirilməsilə bağlı göstərişindən sonra ona 2017-ci ildə Çiləgir kəndində yerləşən meşə sahəsindən 2 hektara yaxın torpaq ayrılıb.

Fındıq təsərrüfatını inkişaf etdirmək istəyən Ş. Məmmədov bu ərazidə təxminən 600-ə yaxın fındıq şitili əkib. Lakin şikayətçi deyir ki, bələdiyyə sədri onun kəndə az-az gəlməsindən istifadə edərək torpaq sahəsini başqa şəxslərə satıb: “Dövlətin hazırladığı xəritədə həmin sözügedən sahə meşə ərazisi kimi göstərilir. Mənim qış fəslində orada olmamağımdan istifadə torpağı başqalarına satıblar. Əraziyə borular basdırılıb, hasarlanıb, əkdiyim fındıq şitilləri çıxarılıb. Onlardan sənədlərini tələb etdim, amma sənəd olmadığına görə tapıb göstərə bilmədilər. Mənim isə müqaviləm var və qalan sənədlər də hazırlanmaq üçün nazirlikdədir”.

Şikayətçi həmçinin bildirir ki, Çiləgir kəndinin də daxil olduğu Mürşüdoba bələdiyyəsi kənddəki palıd şitilliyini də eyni qaydada müxtəlif şəxslərə satıb: “Çiləgirdə yarım hektara yaxın ərazidə palıd şitilliyi var. Hər bir ağacın da hündürlüyü 3 metrə çatır. Ötən il onları bir dəfə kəsmək istəyirdilər, imkan vermədim. Bu il də, təxminən 10 gün əvvəl 2-3 sota yaxın ərazidə palıd ağaclarını kəsib, doğrayıb yandırıblar. Meşə İdarəsindən gəldilər, baxdılar, aydınlaşdırdılar ki, bura meşə ərazisidir, amma bələdiyyə hələ də həmin torpaqlardan əl çəkmək istəmir”.

Ş. Məmmədovun sözlərinə görə, meşə təsərrüfatı idarəsinin işçiləri də kənd sakinləri olduqlarına görə, bir-biri ilə “üz-göz” olmaq istəmirlər. Nəticədə isə meşənin ərazisi dağıdılır, qiymətli ağaclar məhv edilir.

Ş. Məmmədov həmçinin qeyd edir ki, hazırda şitillik saldığı ərazi yaxın illərə qədər Çiləgir kənd sakinləri tərəfindən məişət tullantıları atılan zibillik olub. O, fındıq şitilliyi salarkən həmin ərazini təmizləyib, sakinləri ora zibil atmağa qoymayıb. Lakin sakinlər bu dəfə də zibilləri yaxınlıqdakı meşə ərazisinə – dəmiryol relslərinin yaxınlığına tökürlər: “Mən neçə ildir ağac əkirəm, qulluq edirəm, təmizləyirəm, zibil atılmasına imkan vermirəm. Hazırda Bakı-Moskva qatarının yolu, dəmir yolu ərazisi zibillik olub. Bələdiyyə kəndə zibil qabları qoymaq əvəzinə meşənin ərazisini satmaqla məşğuldur. Bura respublikanın giriş qapısıdır, siz təsəvvür edin, ölkəyə gələn şəxslərdə ölkəmiz haqqında hansı təəssürat yaradır. Bundan da əlavə, ora zibillərin tökülməsi natəmizlikdir, təbiətin məhv edilməsidir. İstəyirəm ki, meşə torpaqlarının bələdiyyənin satmasına imkan verməsinlər, kəsilən palıd ağaclarını yerinə əksinlər”, – deyə Ş. Məmmədov bildirir.

Şikayətlə bağlı Mürşüdoba kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyənin sədri Mahir Əmrullayev isə virtualaz.org-a açıqlamasında həmin ərazinin meşə təsərrüfatına dəxli olmadığını, bələdiyyənin olduğunu bildirdi.

“Meşə torpağını heç bir bələdiyyə vətəndaşa verə bilməz. Meşə torpaqları Dövlət Meşə Fonduna aiddir, bələdiyyə torpaqları isə bələdiyyəyə aiddir. Qeyd etdiyiniz ərazidə meşə yoxdur, sırf bələdiyyə torpağıdır. Dövlətin reyestr xidməti, torpaq şöbəsi, kadastr şöbəsi var, bunlar gəlib ölçüb qərar verirlər. Bu barədə təkcə bələdiyyə qərar vermir. Bu təşkilatlar hamısı tam rəsmi formada sənədləşdiriblər ki, həmin ərazi meşə ərazisi deyil”, -bələdiyyə sədri qeyd edir.

M. Əmrullayev həmçinin söyləyib ki, onun işlədiyi müddətdə hər hansı ağac kəsilməyib: “Mən bələdiyyəyə 1 il 2 aydır ki, sədr gəlmişəm, gələn gündən də burada heç bir ağac kəsilməyib. Hətta bəzi quru ağaclar var ki, özüm yanacaq kimi odundan istifadə olunan kənd məktəblərinə verilməsi üçün müvafiq qurumlara müraciət eləmişəm. Demişəm ki, qoy uşaqlara soyuq olmasın. Ağac kəsib torpaq satmaqdan söhbət gedə bilməz. Əgər istəsəniz, buyurub gəlib özünüz də baxa bilərsiniz”.

Zibillərin meşə ərazisinə tökülməsinə gəlincə isə, bələdiyyə sədri bildirdi ki, bu əvvəllər olub. Çünki həmin ərazi şəxsi mülkdür və sahibi ora kifayət qədər yaxşı nəzarət eləmir. Amma Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyəti ilə birgə əraziyə baxış keçirilib və zibillər yığışdırılıb. Hazırda isə ora zibil tökülmür.

Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, meşə fondu torpaqlarının alqı-satqısına yol verilmir. Məsələ nazirlik tərəfindən araşdırılacaq və məlumat veriləcək.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu