Əli Nur Füzuli Hüseynovdan şikayətçi oldu – "Azdrama"da qalmaqal

Xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Əli Nur Əməkdar artist Füzuli Hüseynovdan şikayətçi olub.
AFN.az “Musavat.com”a istinadən xəbər verir ki, aktyor bu barədə sosial media hesabında məlumat verib.
Əli Nur bildirib ki, teatrda baş verən mübahisə nəticəsində Füzuli Hüseynov ona qarşı aqressiv davranış sərgiləyib və xoşagəlməz insidentin baş verməsinə səbəb olub:
“Hadisə baş verən andan dərhal sonra hüquq-mühafizə orqanlarına, prokurorluğa rəsmi müraciət etdim. Hazırda cinayət işi üzrə istintaq gedir. Teatrın nüfuzuna xələl gəlməməsi üçün məsələni ictimaiyyətə açıqlamadım və mətbuatda inkar etməyə üstünlük verdim. Düşünürdüm ki, teatr rəhbərliyi məsələyə obyektiv yanaşacaq, lakin nə araşdırma aparıldı, nə də Füzuli Hüseynova hər hansı cəza verildi.”
Əli Nurun sözlərinə görə, Füzuli Hüseynov nə şiddətli töhmət alıb, nə də işdən azad edilib və fəaliyyətini davam etdirir:
“Ailə üzvlərim bu məsələni ciddi şəkildə narahatlıqla qarşılayır. Onlar ədalətin bərpa olunmasını gözləyirlər. Əminəm ki, törədilmiş əmələ görə hüquqi qiymət veriləcək”.