Vəfa Musayeva ilə BDU-da görüş keçirilib


Bakı Dövlət Universitetində (BDU) "BDU könüllüləri" təşkilatının təşəbbüsü ilə bu il mayın 15-də dünyanın ən hündür zirvəsi olan Everesti (dəniz səviyyəsindən 8848 metr yüksəklikdə) fəth edən azərbaycanlı qadın alpinist, təlimçi və pedaqoq Vəfa Musayeva ilə tələbələrin görüşü keçirilib.



BDU-nun rektoru Elçin Babayev qonağa dəvəti qəbul etdiyinə görə təşəkkür edib və bu uğuruna görə onu təbrik edib. Rektor bildirib ki, atdığı cəsarətli addımı ilə ölkəmizdə rəğbətlə qarşılanan və qətiyyəti ilə nümunəyə çevrilən Vəfa Musayevanın dünyanın ən hündür zirvəsini fəth hekayəsi tələbələr üçün maraqlı və bir o qədər təsirli olacaq.



Hədəfə çatmaq uğrunda belə bir əzmin nümayişi təqdirəlayiq və qürurverici hissdir: "Kosmosdan dünyamıza daxil olan bir meteoritə toxunmaq, bilinməzlikdən gələn bir cismi araşdırmaq necə həyəcanverici və maraqlıdırsa, ən hündürə qalxaraq ilklərdən olmaq da o qədər əvəzsiz duyğudur. Sizin əzminiz orada olduğunuz müddətdə də Azərbaycanda hiss olunurdu. Bu gün tələbələrlə səmimi görüşdə danışdıqlarınız onların həyatına da təsirsiz ötüşməyəcək".



Daha sonra Vəfa Musayeva Everest zirvəsinin fəthi yolunda keçdiyi mərhələlərdən söz açıb, tələbələrə ilklərdən birinə çevrilməyin tarixçəsini danışıb:



"Everesti fəth etmək əslində 2016-cı ildən planımda idi. Amma bu günə qədərki dövr planı reallaşdırmaq üçün bir növ hazırlıq mərhələsi idi. Son iki ildə artıq Everest özü mənə yaxınlaşmağa başladı. Hədəfim, niyyətim və fikirlərim oldu. Ora qalxana qədər mən müxtəlif idmanlar, məşqlər edir, Azərbaycandakı bir çox dağlara dəfələrlə qalxıb-enirdim və bunların hamısında bir hədəf var idi – Everest.



Yanvar ayından etibarən isə azərbaycanlı alpinistlər ilə danışmağa başladım, həm təcrübə, həm də bu yolda mənimlə birgə gedə bilmələri üçün. Əsas məsələ özümə inanmağım idi. Zirvəyə gedən yolda ən böyük dəstək özümə verdiyim ürək-dirək idi: "Vəfa, sən bunu bacaracaqsan. Vəfa sən buna qadirsən" – deyərək qətiyyətlə hədəfimə doğru getdim.



Hətta yolun bir hissəsində bələdçim məni ruhdan salmağa çalışsa da, mən fiziki mənada tək olduğum bu yolda inancımla tək olmadığımı hiss etdim. Ora gedəndə əsas məqsədlərimdən biri də bu idi: "Bayrağımı necə olur-olsun, o zirvədə dalğalandırmalıyam". Zirvədə bayrağımızı açanda, onu buludların üstündə, ən yüksəkdə görəndə ilk dəfə görmüş kimi ağladım. Məqsədimə nail olmuşdum."



Görüşün sonunda tanınmış alpinist tələbələrin suallarını cavablandırıb.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu