“Fətullah Gülən tam bir terrorçudur…”- Bakıda tutulan İbrahim Eker
Ötən həftə Bakıda tutulan və Türkiyəyə təhvil verilən fətullahçı, “Zaman” qəzetinin Bakı mətbəəsinin rəhbəri olmuş İbrahim Ekerin barəsində həbs qətimkan tədbiri seçilib. Virtualaz.org Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Eker məhkəmədən həbsxanaya göndərilib. Onun məhkəmədə dindirmə zamanı verdiyi ifadənin bəzi detalları məlum olub.
Eker Türkiyədə silahlı terror təşkilatı kimi tanınan Fətullah Gülən təriqətini “camaat” olaraq tərif edib. Habelə bu təriqətin tərəfdarı olduğunu təsdiqləyib. Bununla belə ailəsinin Azərbaycanda “zərərçəkən durumunda olduğunu” deyib. Habelə Fətullah Gülən barədə suala “onu tam olaraq bir terrorçu kimi qəbul edirəm” cavabını verib.
Xatırladaq ki, ötən bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində Azərbaycandan FETÖ-nün “lider statusundakı şəxsinin” təhvil verildiyini bildirib. “Sağ olsun qardaşım İlham Əliyev, həmin çox-çox önəmli şəxsi bizə təhvil verdi”-Ərdoğan deyib. Türkiyə prezidentinin İbrahim Ekeri nəzərdə tutduğu təxmin edilir.