“Şahsevən Kredit İttifaqı” MMC-nin idarə heyətinin sədri həbs edilib




“Şahsevən Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.



Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin İdarə Heyətinin sədri Fayəddin Fərmanovun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edilir ki, F.Fərmanov rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşların razılığı olmadan onların adına kredit rəsmiləşdirməklə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən büdcə vəsaitləri hesabına ayrılaraq ona etibar edilmiş güzəştli kredit resursundan təyinatı üzrə istifadə etməyərək, fondun 200 min manat məbləğində pulunu mənimsəyib.

Şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb və F.Fərmanova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Hazırda F.Fərmanovun digər cinayət əməllərini törədib-törətməməsi, eləcə də, cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu