“İsrail İnnovasiya Mübadilə Proqramı”nın məzunlarına sertifikatlar təqdim olunub- FOTOLAR
Cari ilin 19 mart tarixində İsrailin Azərbaycandakı səfiri Dan Stav Yüksək Texnologiyalar Parkının reallaşdırdığı “İsrail İnnovasiya Mübadilə Proqramı”nı ("Israel Innovation Exchange Program") uğurla başa vurmuş iştirakçılarla görüşüb.
Görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edib. O, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində görülən işlər və innovasiyaların tətbiqi barədə ətraflı məlumat verib.
Qeyd edək ki, “İsrail İnnovasiya Mübadilə Proqramı” Azərbaycan startaplarına və innovasiya ekosisteminin liderlərinə İsrailin akseleratorlarıyla əməkdaşlıq, qlobal investorlarla görüş imkanı yaradıb.
Görüş zamanı Dan Stav proqram məzunları ilə tanış olub və onların səfər təəssüratlarını dinləyib. D.Stav səfirliyin dəstəklədiyi və əməkdaşlıq etdiyi mübadilə proqramlarının Azərbaycanda sahibkarlığın inkişafına dəstəyi mövzusunda çıxış edib.
Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli proqram haqqında öz fikirlərini bölüşüb və gələcəkdə İsrailin akselerator və investorları ilə daha geniş əməkdaşlıq perspektivləri haqqında danışıb.
Rəsmi hissədən sonra startaplar ilə birgə müzakirələr aparılıb və mübadilə proqramının məzunlarına səfir tərəfindən sertifikatlar təqdim olunub.
Xatırladırıq ki, 4-8 mart tarixlərində Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə startap və innovasiya ekosisteminin nümayəndələrinin iştirakıyla “İsrail İnnovasiya Mübadilə Proqramı” çərçivəsində Qüds və Təl-Əviv şəhərlərinə işgüzar görüşlər keçirilib.
5 mart tarixində səfər iştirakçıları İsrailin Təl-Əviv şəhərində yerləşən İsrail İnnovasiyalar Agentliyinin baş direktoru Avi Luvtonla görüşüblər.
Görüş zamanı İsrail İnnovasiyalar Agentliyinin fəaliyyəti barədə geniş məlumat verilib, dövlət, eləcə də özəl sektorun innovasiya ekosisteminə təsiri barədə müzakirələr aparılıb.
“MedTech Value Creation” şirkətinin rəhbəri Rani Şıfron ilə görüş zamanı isə səhiyyə sahəsində fəaliyyət göstərən startaplara faydalı məsləhətlər verilib və gələcək əməkdaşlıq imkanları müzakirə mövzusu olub.
Bundan əlavə, iştirakçılar Peres İnnovasiyalar Mərkəzini ziyarət ediblər.
6 mart tarixində “İsrail İnnovasiya Mübadilə Proqramı” çərçivəsində səfər iştirakçıları İsrailin Beer Sheva şəhərində yerləşən Texnologiyalar Parkı ilə tanış olublar. Burada patentlərin kommersiyalaşdırılmasına dair universitetlərlə əməkdaşlıq istiqamətində İsrail təcrübəsi müzakirə olunub. Görüş zamanı “Tech 7” şirkətinin rəhbəri Yotam Tzuker tərəfindən Texnoparkın fəaliyyəti barədə geniş məlumat verilib, universitetlərin ekosistemin formalaşmasında böyük rolu olduğu vurğulanıb, startaplara faydalı məsləhətlər verilib və sualları cavablandırılıb.
Daha sonra Texnoparkın ərazisinə gəzinti təşkil edilib. İştirakçılar “WeWork” şirkətinin ofisi ilə, “Tech 7” şirkətinin startaplar üçün “Digital Innovation Lab” laboratoriyası ilə tanış olublar.
Eyni zamanda, ölkəmizi təmsil edən “Onbranch”, “Tap2Doc”, “Virtual Surgery”, “ Healthy Living Support Platform” startapları investorlara (pitch) öz layihələrini təqdim ediblər.
Səfər iştirakçıları İsrailin ən böyük “Sapir” kollecini də ziyarət ediblər. Kollecin rektoru və “Media” departamentinin rəhbəri keçirilən dərslər, tələbələr və əsas prinsipləri barədə geniş məlumat veriblər.
Nümayəndə heyəti səfər proqramının son günündə Qüds şəhərində “2019 OurCrowd Global Investors Summit” konfransında iştirak edib.
Ümumilikdə 1 trilyon dollar investisiya portfeli təqdim olunan konfrans zamanı dünyanın müxtəlif ölkələrindən olan startaplar, investorlar, aparıcı inkubasiya və akselerasiya mərkəzləri və vençur fondları ilə görüşlər keçirilib.
İştirakçılar açılış panelində iştirak edib, müxtəlif innovativ mövzulara aid tanınmış investorların çıxışlarını dinləyib, İsrailin ən yaxşı startap layihələri ilə tanış olublar. Bundan əlavə, Azərbaycanın startapları öz layihələrini investorlara təqdim ediblər.
Tədbirin proqramına əsasən, iştirakçılar bağlanış panelindən sonra layihələri barədə geniş məlumat vermək üçün “ShukTech: Networking and Pitches” adlı sammitə də qoşulublar.
Bundan başqa, səfər zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli İsrailin “Jerusalem Post” və “Kanal 9” televiziya kanalına müsahibə verib.