Metropolitenlə bağlı yeni sərt ittihamlar




Qurum rəsmiləri susur; şikayətçi: “Yuxusuz olduqları üçün martda 3 maşinist stansiyanı keçib”; hüquqşünas: “İttihamlar olduqca ağırdır və araşdırılmalıdır…”



Ötən həftə – martın 12-də “Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildirmişdilər. Şikayətçilər metropolitenin baş müfəttişlik aparatının qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttişi, 37 ildən artıq fasiləsiz metropolitendə çalışan Nazim Abdullayev, maşinist, Qarabağ veteranı Asif Rzayev və maşinist Fikrət Şıxaliyev idi.

Onlar metropoliten rəhbərliyinə qarşı kifayət qədər sərt ittihamlar səsləndirmişdilər. Bildirmişdilər ki, hazırda metroda vəziyyət o qədər acınacaqlıdır ki, hər an ciddi qəza baş verə bilər. Buna səbəb kimi ilk növbədə texniki qaydaların pozulmasını göstərmiş, daha sonra isə bildirmişdilər ki, rəhbərlik maşinistlərin sayını azaldıb ki, bu da başqa bir problemdir.

Onların sözlərinə görə, maşinistlərin sayının az olması səbəbindən işçilər gecə 3-4 radələrində işə gəlməli olurlar. Yuxulu halda qatarı idarə etdikləri üçün tez-tez stansiyaları keçib, sərnişinlər üçün çətin vəziyyət yaradırlar. Bu kimi xeyli ittihamlar səsləndirildi. Lakin bütün bunlara bir həftədir “Bakı Metropoliteni” QSC cavab vermir. Məsələ ilə bağlı metropolitenin mətbuat xidmətinə dəfələrlə müraciət etsək də, cavab ala bilməmişik.

Metropoliten cavab verməsə də, bu həftə ərzində yuxarıda adlarını çəkdiyimiz şəxslər yenidən “Yeni Müsavat”a müraciət edərək, qurumda baş verən təhlükəli anlar, qanunsuz məqamlar barədə təkrar şikayətlərini bildiriblər. Belə ki, məlumatlara görə, martın 13-də 21 nömrəli marşrut üzrə hərəkət edən 28072808 qatarın elektriklə təmasda olan başmaqları qatar depoya hərəkət edən zaman qırılıb. Qatarda heç bir sərnişin olmadığı üçün ciddi hadisə baş verməyib. Şikayətçilər bildiriblər ki, bu başmaqlar təmas relsi ilə birləşib, qatarı elektriklə təmin edir. Əgər sərnişinlər qatarda olsaydı, 825 voltun qatara keçməsi səbəbindən ağır faciə baş verə bilərdi. Şikayətçilər redaksiyamıza həmin qırılan detalların fotolarını da göndəriblər.



Bundan əlavə, yuxusuz olduqları üçün mart ayı ərzində 3 maşinist stansiyanı keçib: “Belə ki, martın 9-da Hüseyn Əliyev adlı maşinist yataraq, ”Gənclik” stansiyasında qatarı saxlamadan ötüb. Martın 11-də Elşad Alıyev adlı maşinist “Koroğlu” stansiyasını keçib. Martın 17-də isə maşinist Murtuz Həsənov “Ulduz” stansiyasını keçib. Maşinist yuxusuz olduğu üçün idarəetmədən yayınır və qatarı vaxtında saxlaya bilməyib, birinci vaqondan iki qapı olmaqla tunelə girir. Bu zaman isə sərnişinlər qatardan düşə bilmirlər. Qatarı geri vermək də mümkün deyil. Stansiyanı keçən maşinist əgər rəhbərliyə yaxındırsa, ona yüngül cəza verilir. Əgər köhnə maşinistdirsə, işdən azad edilir, yaxud da çilingər kimi saxlanılır. Məsələn, Elşad Alıyev 17 ilin maşinistidir, onu stansiyanı keçdiyinə görə çıxarıb, depoya çilingər təyin ediblər. Tağı Əhmədovun zamanında çox gözəl sistem var idi. O zaman bəzi stansiyalarda maşinistlərin gecələmələri üçün yer də var idi. İndi isə bütün bunlar yığışdırılıb”.

Onu da qeyd edək ki, şikayətçilər qeyd etdikləri məqamları fotolarla, rəsmi sənədlərin üz köçürmələri ilə təsdiq ediblər ki, həmin sənədlər əlimizdədir.

Metropolitendə baş verənlərlə bağlı dərc etdiyimiz material ölkənin əksər saytlarında da verilsə də məsələyə heç bir rəsmi və ya qeyri-rəsmi münasibət müşahidə etmədik. Bəs belə bir halda hansı addımlar atılmalıdır?



“Yeni Müsavat”a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu halda müvafiq dövlət qurumları ilə bərabər QHT-lər də hərəkətə keçməlidir: “Əvvəlcə qeyd edək ki, burada fərqli variant da ola bilər. Yəni gəlin bunu da istisna etməyək ki, həmin işçilərin rəhbərliklə münasibətlərində hansısa problem var. Buna görə də belə addım atırlar. Hüquqşünas kimi gərək hər bir ehtimalı deyək. Lakin bir məsələ də var ki, bu şəxslər fotolarla, sənədlərlə fikirlərini təsdiqləyirlər. Eyni zamanda bilərəkdən cinayət haqqında yalan məlumat vermənin özü də cinayətdir. Çox güman ki, həmin şəxslər bunu başa düşürlər. İstənilən halda hüquq-mühafizə orqanları bu məsələ ilə gərək ciddi məşğul olub, ictimaiyyətə də geniş məlumat versinlər. Eyni zamanda metro birbaşa olaraq Nəqliyyat, Rabitə və İnformasiya Nazirliyinə aiddir. Mənə maraqlı gələn odur ki, bu nazirlik nə üçün heç bir fikir bildirmir? Bu postu daha əvvəl tutanlar barəsində də şikayətlər çox idi. Ancaq heç olmasa, həmin adamlar işlərini bilirdilər və metro ilə bağlı belə xəbərlər yayılmırdı”.

Hüquqşünas onu da vurğulayıb ki, metropoliten çox qapalı qurumdur: “Oradan hansısa şəxs, QHT rəhbəri, hüquqşünas geniş məlumat ala bilməz. Buna görə də nazirlik məsələ ilə bağlı geniş açıqlama yaymalı idi. Metronu özbaşına buraxsan, orada çox işlər görülər. Metropolitenin sabiq rəisi Tağı Əhmədov haqqında hansı məlumatların yayılması hər kəsə məlumdur. İndi bu şəxslər həmin adamdan razılıq edirlər. Mənim özüm də heç Tağı Əhmədovu bəyənməmişəm. Ancaq indi görürük ki, onun yerinə gələn daha betərdir. Həqiqətən də əgər söylənən ittihamlar doğrudursa, ciddi araşdırma aparılıb, metro rəhbərliyi cəzalandırılmalıdır. Metro bir qurumdur və ona dövlət səviyyəsində nəzarət edən nazirlik də var. Bəs nə üçün bu nazirlik susur? Necə nəzarət edilir ki, bu cür faktlar var? Əgər faktlar təsdiqini taparsa, qeyd etdiyimiz nazirliyin də məsul şəxsləri cəzalandırılacaqlar. Bu gün yüzlərlə insan metrodan istifadə edir. Orada bir bədbəxt hadisə baş verərsə, buna görə kim cavabdeh olacaq? Bütün bunları fikirləşmək lazımdır. Əslində səslənən ittihamlar olduqca ağırdır və araşdırılmalı, ictimaiyyətə geniş məlumat verilməlidir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu