Çikaqoda yaşayan azərbaycanlı müəllim
Evi sanki balaca bir Azərbaycandır. Üç rəngli bayrağımızdan tutmuş, rəsmlərə, süvenirlərə kimi vətənimizi tərənnüm edən hər nə desən burada qarşına çıxacaq. Mətbəxində daima milli təamlarımızı hazırladığına görə evin qoxusu da adama doğma gəlir. Sanki Amerikada yox, elə Azərbaycandasan. Bəli, o, özünə burada balaca bir vətən yarada bilib...
Haqında söhbət açdığım Gülnarə xanım Əliyeva Bakıda dünyaya gəlib. 1978-ci ildə 60 nömrəli orta məktəbi bitirərək indiki Bakı Musiqi Kollecinə qəbul olunub. 1982-ci ildə oranı piano müəllimi ixtisası ilə başa vurub. 1983-cü ildə ailə qurduğundan bir il heç yerdə işləməyib. 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə hərəkəti kafedrasında konsertmestr vəzifəsinə təyin olunub. Orada çalışa-çalışa 1992-1998-ci ilərdə həmin universitetin qiyabi şöbəsində ali təhsil alıb və oranı bitirən kimi Amerikaya köçüblər. Buraya gəldikdən sonra on il uşaq bağçasında tərbiyəçi-müəllim işləyib. 2008-ci ildə tələb olunan imtahanları verdikdən sonra Azərbaycandan gətirdiyi ali təhsil diplomunu təsdiq etdirib. Elə o vaxtdan da ibtidai məktəbdə əcnəbi şagirdlərə ingilis dilindən dərs deyir. Bununla yanaşı evində piano kursları açaraq amerikalı yeniyetmələrə bu musiqi alətinin sirlərini öyrədir. Ara-sıra özü də musiqi bəstələyir. Bu artıq onun xobbisinə çevrilib...
…Ömür-gün yoldaşı Fərhad Əliyev ixtisasca həkimdir. Hazırda hospitallardan birində UZİ həkimi işləyir. İki övladı var- Aydın və Günay xanım. Hər ikisi ali təhsillidir. Aydın Hollivudda yaşayıb çalışır, prodüsserdir, öz musiqi studiyası var. Günay xanım isə tibbi cihazların satışı üzrə bizneslə məşğul olur. Hər ikisi bir sıra xarici dillərlə yanaşı azərbaycan dilində də mükəmməl danışa bilirlər…
Deyir ki,- "Amerikaya gənclər gəlsə daha yaxşı olar. Onlar yaşlı adamlara nisbətən buraya tez uyğunlaşırlar. İngilis dilini bilmədən, Amerika təhsili almadan burada çox çətin olur. Saatı on-on beş dollara işləməklə heç bir nəticə əldə etmək mümkün deyil. Gərək yaxşı yerdə işləyəsən ki, rahat yaşaya biləsən"…
Azərbaycanı canı qədər əziz bilir, fəxr edir ki, azərbaycanlıdır. Çikaqoda ölkəmizlə bağlı keçirilən tədbirlərin əksəriyyətinin iştirakçısı olub. Vaxtaşırı Bakıya getməsə özünü narahat hiss edir. Arzularını dilə gətirib söyləyir ki,- "Övladlarım yüksək təhsilə yiyələnib, necə deyərlər, hər birinin işi-gücü var. Bircə qalıb onların toyunu görmək və nəvə-nəticə sahibi olmaq"…
Bəli, bir ana kimi azərbaycanlı anaları uzaq ölkədə təmsil edən bu mehriban, gülərüzlü xanımı dinlədikcə Amerikaya gələndə arxamca su atan öz anam yadıma düşdü. Allah bütün Azərbaycan analarını arzularına çatdırsın və övladlarının xoş günlərini görməyi onlara nəsib etsin!..
Elman Eldaroğlu,
ABŞ, Miçiqan