Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur




Almaniyanın Qarmiş-Partenkirhen şəhərində “Fraunhofer IAO” Tədqiqat İnstitutu tərəfindən “go.eIDAS sammiti” keçirilir.



Mart ayının 27-də işə başlayan sammit bu gün başa çatacaq.

Ölkəmizi bu tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov və mərkəzin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Arif Mailov təmsil edirlər.

Məqsədi praktik təcrübə və tələbləri akademik yeniliklərlə birləşdirmək olan sammit “FutureTrust” layihəsi və “Açıq İdentifikasiya” üzrə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Sammit eIDAS (elektron mühitdə identifikasiya və etimad xidmətləri) ekosistemi çərçivəsində mobil tətbiq və etibarlı xidmət təminatçılarını, dövlət orqanlarını, dövlət tərəfindən maliyyələşdirilən layihələr və təşəbbüsləri, akademik qurumlar və kommersiya təşkilatlarını praktik təcrübələrini nümayiş etdirmək üçün bir araya toplayıb.

MHM-in konfransda iştirakdan əsas gözləntiləri elektron imzanın elektron mühitdə identifikasiya və etimad xidmətlərində tətbiqi, e-imzanın transsərhəd tanınmasını reallaşdıracaq infrastrukturun qurulmasını və bu sahədə qanunvericiliyin beynəlxaq standartlara uyğunlaşdırmasını tezləşdirməkdən ibarətdir. Həmçinin, elektron imzanın tətbiqi ilə daha səmərəli və etibarlı sosial xidmətlərin yaradılması üçün fikir mübadiləsi aparmaq, bu sahədə mövcud qlobal vəziyyəti araşdırmaqdır.

Qeyd edək ki, hazırda Azərbaycanda mövcud qanunvericiliyin Avropa İttifaqının sənədlərinə uyğunlaşdırılması üçün işlər aparılır. Bu çərçivədə etimad xidmətləri ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Qeyd edilən layihə etimad xidmətləri üzrə normativ-hüquqi bazanın və texniki infrastrukturun təkmilləşdirilməsi, xarici ölkələrlə elektron imzaların qarşılıqlı tanınması, elektron sənədlərin təsdiqində vaxt qənaətinə və bürokratik əngəllərin aradan qaldırılmasına şərait yaradacaq.

Onu da qeyd edək ki, hazırda Türkiyə və Belarus ilə elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu