Yerüstü çaylar Binəqədiyə axır... - VİDEO+FOTOLAR




Bakıda yerüstü çaylar axan qəsəbə var. Həmin yer çox da uzaqda deyil, Binəqədi rayonunun eyni adlı qəsəbəsində...



Eşitdiyimiz zaman inanmasaq da, gedib gözlərimizlə gördük.

Qəsəbənin 3-cü mədən, 124-cü korpusda yaşayan məhəllə sakinləri “Qafqazinfo”ya müraciət edərək bu çayın yaranma tarixçəsini danışmaq istədiklərini bildirdilər.

Çayın mənbəyi yaşayış evləridir. 20 ilə yaxındır burada yaşayan qocaman Rüstəm Nəcəfov deyir ki, əslində əvvəl burada çay yox, göl olub. Sonra Binəqədi Rayon İcra Hakimiyyəti həmin gölü rayonun digər qəsəbələrinin zibili hesabına qurudub. İnsafən, göl tam qurudulmayıb, yerində fərqli su axını yaradılıb.

Göl olan vaxtlarda sakinlər kanalizasiya sularını ora axıdırmış, lakin indi onun yerində qalan kiçik çay qolları 2 minə yaxın evin tullantısına tab gətirə bilmir.

“Azərsu” ərazini su ilə təmin etsə də, o suyun keçdiyi müəyyən prosesdən sonra axıdılmasını nəzərə almayıb. Sakinlərin sözlərinə görə, kanalizasiya xətləri olmasa da, kanalizasiya pulu ödəyirlər. Nə vaxtsa bu xəttin olacağı ümidi ilə...



Ağbirçək Lida Spirina acizanə şəkildə kanalizasiya sualarının və zibil tullantılarının qoxusundan cana gəldiklərini, ən azından uşaqlara görə bu problemin həll edilməsini istədiklərini deyir.

Yağış yağanda kanalizasiya daşıb evlərə dolur, yağmayanda da zibilin iyi evlərə dolur. Bütün hallarda onlar bu bəladan heç cür xilas ola bilmirlər. Bu vətəndaşların evlərinin qarşısı Binəqədinin zibilxanasına çevrilib. İddiaya görə, müvafiq qurum “Təmiz şəhər”ə olan borcunu ödəyə bilmədiyi üçün digər ərazilərin zibillərini də gətirib bura tökür.

Sakinlərdən hər ay üçün 3-4 manat zibil pulu yığılsa da, zibil qutuları da quraşdırılmayıb. Sakin İsa Həsənov bildirir ki, hər bir şəxs evdən çıxanda zibil “kulyok”larını da götürüb özü ilə aparır, ərazidən təxminən 1 kilometr uzaqlıqda, harda zibil qutusu görsələr, ora atırlar.

Artıq illərdir zibil və kanalizasiya tullantıları ilə qoyun-qoyuna yaşayan sakinlərdə belə bir ümid var idi ki, nə vaxtsa bu yerdə park, poliklinika və məktəb salınacaq. Çünki bu vədi onlara keçmiş başçı Xaləddin İsgəndərov veribmiş. Lakin son günlər eşitdikləri bir xəbər onların ümidini puç edə bilər. Belə ki, artıq doldurulmuş gölün yerinin hissə-hissə bölünüb satışa çıxarıldığı deyilir. Bu da korpus sakinlərini narahat etməyə başlayıb.

Bu problemlərlə bağlı bir müddət öncə 51 sakin rəsmi qurumlara da müraciət ediblər, lakin hələ də onlara cavab verilməyib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu