Qənirə Paşayeva AŞPA-da erməniləri sosial media vasitəsilə Azərbaycan əleyhinə yalanlar yaymaqda ittiham edib
Millət vəkili, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bu gün AŞPA-da "Sosial media: sosial tellər və ya insan haqlarına hədələr" mövzusunda müzakirələrdə çıxış edib.
AFN xəbər verir ki, çıxışı zamanı "Sosial media gündəlik həyatımızın bir hissədir. Sosial medianın cəmiyyətlərimizin rifahına və inkişafina verdiyi müsbət töhfələri yüksək dəyərləndirirık" deyən millət vəkili daha sonra qeyd edib: "Adamları bir-birinə daha yaxın etməyə kömək edən, yeni əlaqələrin qurulmasını və inkişafını asanlaşdıran çox vacib vasitələr olması, siyasi məsələlərin və müvafiq sosial mövzuların müzakirə olunduğu yeni ictimai məkanı təmin etməsi, müxtəlif informasiya mənbələri və rəyləri təqdim etməsi, demokratik cəmiyyətdə zəruri olan səslər müxtəlifliyini gücləndirməsi müsbət dəyərləndirilməlidir. Amma fərdlər və cəmiyyətimiz üçün sosial medianın böyük faydalı potensialına baxmayaraq, onlardan sui-istifadə də bizim fərdi hüquqlarımıza və rifahımıza, demokratik institutların fəaliyyətinə və cəmiyyətlərimizin inkişafına kiber-qorxutma, kiber-təqib, nifrət nitqi,zorakılıq və diskriminasiyaya təhrik, dezinformasiya və ictimai rəyin manipulyasiyası və siyasi proseslərə təsir etmə kimi çox saylı ziyanlı fəsadlara yol açır. Və çox təssüf ki sosial mediada sui-istifadələr artır və bunun nəticəsində biz hamımız artıq onun zərərlərini də ciddi hiss edirik. Çünki sosial media internetdə informasiya axınının tənzimlənməsində başlıca aktorlardır. Müasir dünyada sosial media vasitəsilə yayılan və getdikcə daha da artan yanlış məlumatların dövlətlər və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrilməsi hamımızı ciddi narahat etməlidir. Yanlış məlumatlar insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vurur və fəaliyyətlərinə təhlükə yaradır. İnsanlar “dezinformasiya hücumu”na məruz qalırlar. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb həyata keçirilməlidir. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik. Sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə dezinformasiyalara qarşı mübarizə aparmaq olduqca çətindir. Ona görə də bu istiqamətdə səylərimizin birləşdirilməsinə ciddi ehtiyac var. Qətnamə layihəsində vurğulandığı kimi dövlət orqanları və internet şirkətləri ifadə və informasiya azadlığını müdafiə etmək səyləri ilə qanunsuz məzmunlu məlumatların yayılmasını dayandırmaq və keyfiyyətli məlumatın təmin edilməsi səylərini əlaqələndirməlidir. Sənəddə vurğulandığı kimi, sosial media şirkətləri müxtəlif mənbələr, mövzular və baxışlar və daha yaxşı keyfiyyətli informasiyanı təmin edərək, eyni zamanda istifadəçilərin profilləri vasitərilə yayılan qanunsuz materiallara qarşı effektiv mübarizə apararaq və dezinformasiyaya qarşı daha effektiv mübarizə aparmaqla ifadə və informasiya azadlığı hüquqlarını müdafiə etmək məqsədi daşıyan daxili siyasətlərinə yenidən baxmalı və yaxşılaşdırmalıdırlar. Biz qətnamə layihəsində öz əksini tapan bu çağırışı dəstəkləyirik. Bu gün söz azadlığı adı altında saxta informasiyalar yayanların sayı artır. Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror da adlandırmaq olar. Azərbaycan bu məsələlərə ciddi önəm verir, dezinformasiyalara qarşı mübarizə aparır və bununla bağlıbeynəlxalq təşəbbüsləri daim dəstəkləyir. Çünki Azərbaycan da dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Azərbaycan saxta informasiya təcavüzünə məruz qalır. Bu dezinformasiyaların əksəriyyəti məqsədli olaraqyayılır.Ermənistan başda olmaqla bəzi ölkələrin, bir sıra siyasi güclərin, erməni diaspor və lobbisinin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir. Belə saxta informasiyalar ölkəmizdə olmayan, onu yaxşı tanımayanlarda yanlış fikirlərin formalaşmasına səbəb olur. Bu, bizi ciddi narahat edir. Saxta informasiyalarla fəal mübarizədə birlikdə səylərimizi daha da gücləndirməliyik və biz qətnamə layihəsində bu istiqamətdə öz əksini tapan məsələləri dəstəkləyirik".