Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2019-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlardan danışan Komitə sədri Kərəm Həsənov qeyd edib ki, həyata keçirilən uğurlu islahatlar nəticəsində idarəetmə müasir dövrün tələblərinə uyğunlaşdırılır, xidmətlərin elektron müstəvidə vətəndaşlara çatdırılması prosesi sürətləndirilir, o cümlədən elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi genişləndirilir, qanunvericilik bazası təkmilləşdirilir.
Ölkə rəhbərinin müəyyən etdiyi iqtisadi strategiya və tapşırıqlara uyğun olaraq 2019-ci ilin ilk 3 ayında Əmlak Məsələləri Dövlət Komitəsi də əmlak idarəçiliyi sahəsində görülən işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini vermişdir.
Bu sahədə ən mühüm hadisələrdən biri 2019-cu ilin ilk günlərində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Əmlak Xidmətləri Məkanının açılışının olmasıdır. Elektron idarəetmə sisteminin tətbiq edildiyi Məkanda xidmətlər daha dəqiq, proseduralar daha sürətlə yerinə yetirilir. Vətəndaşların müraciət imkanları daha da yaxşılaşıb, şəffaflıq, eləcə də vaxta qənaət prinsipi təmin edilib. Qısa müddət keçməsinə baxmayaraq Məkana 50 minə yaxın vətəndaş müraciəti daxil olub.
Növbəti yenilik kağız çıxarış dövrünün geridə qalması oldu. Belə ki, cənab prezidentin 29 mart 2019-cu ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikliyə əsasən əmlaklara dair çıxarışların tam olaraq elektron müstəviyə keçəcək. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, “Elektron hökumət” portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala biləcək. Elektron çıxarışların tətbiqi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əmlakların qeydiyyatını daha da sadələşdirir.
Eyni zamanda, dövlət rəhbərinin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı da vətəndaş məmnunluğuna, sadə formada mülkiyyətin qeydiyyata alınması, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik oldu. Hazırda fərmanın icrası ilə bağlı işlər aparılır.
Bu dövrdə əmlak idarəçiliyi sahəsində atılan ən böyük islahat xarakterli addımlardan biri də ölkə başçısının 2019-cu il martın 5-də imzaladığı “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanundur. Qanun özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi daşıyır. Bu qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə 12 milyon manatdan artıq vəsait edir.
Komitə dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsi sahəsində zəruri tədbirlər yerinə yetirib. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat elektron xidmətlər portalı vasitəsi ilə onlayn rejimdə qəbul edilməkdədir. Artıq 5000-ə yaxın dövlət müəssisə və təşkilatından illik xüsusi hesabatlar elektron qaydada yığılıb. Bu sahədə daha bir yenilik dövlət müəssisələri tərəfindən əmlakın qeydiyyat vərəqəsinin tərtibini, təsdiqi və göndərilməsini elektron qaydada yerinə yetirilməsi olub. Belə ki, “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” adlı xidmət vasitəsilə hesabatlar Komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir.
Dövlət əmlakının özəlləşdirilməsinin tam olaraq elektronlaşması istiqamətində işlər daha da genişləndirilir. Cari ilin ilk üç ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 42 hərrac keçirilib. Bu dövrdə 260-a yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Hesabat dövründə 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan olunub, 35 milyon manat investisiya qoyuluşu, eləcə də azı 600 yeni iş yerinin yaradılmasına dair tələblər irəli sürülmüşdür. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən “Özəlləşdirmə portalı”-na 3 ay ərzində 200 mindən çox baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2,3 milyonu ötmüşdür.
Xarici və yerli investorların özəlləşdirmə prosesi barədə məlumatlandırılması, eləcə də onların prosesdə daha fəal iştirakının təmin olunması məqsədilə görüşlər keçirilir, onlara özəlləşdirmə portfelinə daxil olan müəssisələr haqqında informasiya verilir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi uğurla icra olunur. Hesabat dövründə 5 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb. Ümumilikdə isə 35 rayonda uçot işləri başa çatıb. Bu rayonlardan 26-da layihənin nəticələrinin təqdimatı keçirilib, 14 rayonunun məlumatları sistemə tam miqrasiya edilib.
Yeni yaradılmış Ünvan Reyestri İnformasiya Sisteminin 1-ci mərhələsi respublikanın şəhər və rayon mərkəzlərini özündə əks etdirməklə artıq başa çatdırılıb və aralıq bazası da olmaqla 17683 küçə və prospekti, 1 276 076 ədəd giriş ünvanını əhatə edir. Hazırda ÜRİS-nin 2-ci mərhələsi olan kənd yaşayış məntəqələrinə ünvanların verilməsi və sistemə işlənməsi işləri görülür. Ölkədə beynəlxalq qaydalara uyğun qurulmuş ünvan sahəsində də yenilik olan “Ünvan portalı” cari ildə də vətəndaşların xidmətindədir.
Torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün Peyk Nəzarət Sistemi qurulur. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcəkdir. Hesabat dövründə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 504 hal üzrə inzibati protokollar tərtib edilib.
Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Çıxarışların 1 iş günü müddətində verilməsi vətəndaşların əmlaklarını qeydiyyata almaq marağını artırır. 2019-ci ilin ilk rübündə ölkə üzrə 51 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Vətəndaşlara ünvanında qeydiyyat xidmətləri göstərən “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları əhatə dairəsini genişləndirməkdədir. Qeydiyyat sahəsində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün “əks zəng” xidməti və sosial sorğu həyata keçirilir.
Cari il ərzində də vətəndaş müraciətlərinə həssaslıqla yanaşılıb. 193 saylı Vahid Çağrı Mərkəzinin funksionallığı artırılıb, qeydiyyat və kadastrla bağlı müraciətlərin qəbulu xətləri yaradılıb. Komitənin sosial şəbəkələri və internet resursları vasitəsilə onlayn olaraq vətəndaşlar tərəfindən 6 minə yaxın müraciət daxil olub və cavablandırılıb.
Müasir kadr potensialına əsaslanan çevik idarəetmənin qurulması istiqamətində də bir sıra tədbirlər təşkil edilib, regionlarda görüşlər keçirilib, könüllülərlə birgə iş prinsipi formalaşdırılıb.
Müşavirənin sonunda komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Qeyd edib ki, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində operativ fəaliyyət göstərilməlidir. Komitə sədri Milli Məkan Məlumatlarının formalaşdırılması ilə bağlı görülən işlərin sürətlənməsi tapşırığını verib. Vurğulayıb ki, müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə özəlləşdirmədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir. Həmçinin bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir. Eyni zamanda, torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi təmin edilməli, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil olunmalı və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır.