Fədayə Laçının işində: "Dəstə başçısı kimi təqdim edilməyim..."
Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Kanvoy Taboronun sabiq komandiri Bəhruz Abdullayev çıxış edib. O, çıxışında ittihamları qəbul etmədiyini deyib: "Bu dəstənin başçısı kimi təqdim edilməyim mənə təsir edir. 21 il xidmətim var. Mən hər zaman vətənimə sədaqətlə xidmət etmişəm. Şərəfimə, ləyaqətimə xəyanət etməmişəm".
B.Abdullayev qeyd edib ki, Fadəyə Laçının "Qoca" ləqəbli Etibar Məmmədovla görüşməsinə icazə verməyib: "Mənim Etibarla bağlı hər zaman kinim olub. O, 1998-ci ildə "moleletka"da 3 nəfərlə birləşib bizim əməkdaşımızı öldürüb. Mənim elə bir cinayətkarın kiminləsə qanunsuz görüşməsinə qaçmasına necə şərait yaratmağımı düşünürsünüz? Mənliyimi 21 illik namuslu xidmətimi ləkələmərəm. Dəfələrlə xidmətimə görə dövlət mükafatları almışam. Sadəcə, məni mütəşşəkil dəstənin başçısı kimi təqdim etmələri yandırır. Komandır kimi həbs edə bilərdilər, amma bu ittihamlarla yox. Məni rüşvətxora, şərəfsizə, ləyaqətsizə bənzətməsinlər. Mən dövlətimizə, prezidentimizə, komandirlərimə xəyanət etmərəm".
Həbsdə olan polkovnik çıxışının sonunda baş verən hadisəyə görə prezidentdən, komandirlərindən üzr istəyib: "Mənim səhlənkarlığım olub. Səhlənkarlığım odur ki, öz əməkdaşlarıma inanmışam. Baş verən hadisəyə görə məni bağışlayın".
Prosesdə söz çıxış üçün prokuror verilib. Lakin dövlət ittihamçısı çıxış üçün hazır olmadığını deyib.
Proses aprelin 22-də davam edəcək.
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub. Hökmdən narazı qalan F.Laçın və digərləri apellyasiya şikayəti veriblər.(lent.az)