ABŞ-da senator olmaq istəyən azərbaycanlı




Adətən ailənin tək övladları ərköyün olurlar. Daha çox diqqətlə əhatə olunduqları üçün böyüyəndən sonra çətinliklərlə üzləşəndə əziyyət çəkirlər. O da ailənin yeganə övladıdır. Amma o qədər cəsarətli, əzmkar, zəhmətsevər, intelektual, iradələdir ki, heç deməzsən, evin tək uşağı olub…



Deyir ki,- "Anam bütün ömrünü mənə sərf edib. Məni elə yetişdirib ki, müstəqil həyata çox gənc yaşlarımdan hazır olmuşam"…

İngilis, ispan, italyan, fransız, portuqal, katalan, rus, türk dillərində sərbəst danışa bilir. Bu azmış kimi yunan, norveç dillərini də öyrənməyə çalışır.
Səkkiz yaşında Üzeyir Hacıbəyov adına simfonik orkestrin müşayəti ilə Filarmoniyada konserti olub. 1999-cu ildə 12 yaşında olarkən respublika fortepianoçuların müsabiqəsində birinci yerə çıxıb. Beş dəfə "Qönçə" musiqi festivalının qalibi olub. 2004-cü ildən ABŞ-a gələnədək "Nə? Harada? Nə vaxt?" intelektual yarışmasında kapitanı olduğu "Diplomat" komandası dəfələrlə ölkə çempionu adına layiq görülüb. Çikaqoya gələndən sonra isə bu ilin mart ayında San Fransiskoda keçirilən ABŞ üzrə "Brain Ring" intelektual müsabiqəsində, Çikaqo yığmasının tərkibində iştirak edərək yarışın qalibi seçilib…

…Atası Rəfael Məmmədov ixtisasca mühəndisdir. Bakıdakı şirkətlərdən birinə rəhbərlik edir. Anası Təranə xanım isə kollecdə fizika müəllimidir…

Haqqında söhbət açdığım Türyan Məmmədov 1987-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2004-cü ildə orta təhsilini 20 nömrəli məktəbdə başa vurub. Eyni zamanda 1994-2002-ci illərdə 16 saylı musiqi məktəbində fortepianodan dərs alıb. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsində ali təhsilə yiyələnib. 2008-2009-cu illərdə İspaniyanın Barselona Universitetində təhsilini davam etdirərək mədəniyyətlərarası münasibətlər ixtisası üzrə birinci mağistr, 2009-2010-cu illərdə Barselona Muxtar Universitetinin hüquq fakultəsində Avropa Birliyinin hüququ üzrə ikinci magistr, 2013-2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər və diplomatiya üzrə üçüncü magistr dərəcələrinə yiyələnib. Arada 2010-2011-ci illərdə Türkiyədə yaşayıb.
2011-2012-ci illərdə Bakıda xarici şirkətlərdən birində işləyib. 2012-2013-cü illərdə "Azerprodukt" şirkətində satış üzrə direktor olub. 2013-2016-cı illərdə isə "Azerflex" plastik istehsalat sənaye kompleksinə rəhbərlik edib. 2016-cı ildən ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində məskunlaşıb…

…Ömür-gün yoldaşı Leyla xanım ixtisasca tarixçidir. Hazırda Çikaqo Potomak Universitetində həm təhsilini artırır, həm də universitetin insan resursları şöbəsində çalışır…

Türyan Çikaqoya köçəndən sonra özəl şirkət təsis edib. Bir müddət sonra bir başqa soydaşımızla birləşərək şirkəti böyüdə bilib. Bu gün bu şirkət xidmət etdiyi sahə üzrə İllinoys ştatında ən böyük qurum sayılır. Təzəlikcə "Absheron Logistics" adlı yeni bir şirkət də təsis ediblər…

Dünyanın 51- 33 Avropa, 8 Afrika, 10 Asiya ölkəsində səfərdə olub. İndi də Avstraliya və Cənubi Amerika ölkələrinə səyahət etməyi arzulayır. Ən böyük arzusu isə ABŞ-da senator olmaqdır. Harvard kimi dünyanın məşhur universitetlərindən birində doktoranturada təhsil alıb, alimlik dərəcəsinə yiyələnməyi planlaşdırır. Söyləyir ki, nəyin bahasına olursa olsun, kifayət qədər var-dövlətə sahib olandan sonra, öz hesabına Bakıda gənclərin intelektual mərkəzini yaradacaq. Göründüyü kimi arzuları möhtəşəmdir.
Qəhrəmanlarımın arasında ən zarafatcıl, fövqaladə istedada malik, hazırcavab, enerji dolu bu gənc sözün əsl mənasında vətənpərvərdir. İnanıram ki, ABŞ senatorları sırasında nə vaxtsa onu da görə biləcəyik…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan









AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu