Bir millətin iki dövlətini birləşdirən körpü




28 may tarixi daha bir əlamətdar hadisə ilə tarixin yaddaşına həkk olunmuşdur. 27 il bundan əvvəl həmin gün Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsü açılıb. Bu tarix iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq baxımından mühüm əhəmiyyət daşıyır.



Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qоvşağında, Böyük İpək Yоlunun üzərində yеrləşən Naxçıvan tarix boyu düşmənlərin hədəfində olmuşdur. Ötən əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyini qazandığı bir vaxtda ermənilər məqsədli şəkildə Naxçıvanı blokadaya salıb, bu qədim Azərbaycan torpağını ələ keçirmək üçün yenidən məkrli planlar həyata keçirməyə başlamışdılar. Belə bir dövrdə ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublikanı işğaldan qorumuşdur. Ümummilli liderimizin bu məqsədlə həyata keçirdiyi tədbirlərdə dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələrin qurulmasının mühüm əhəmiyyəti olmuşdur.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası isə 1992-ci ilin martında qoyulmuşdur. Həmin dövrdə Naxçıvanda “Bir millət, iki dövlət” anlayışının reallığa çevrilməsi mərhələsi başlanmışdı. Ulu öndər Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanmış, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılmışdır. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir.

Körpünün açılışında Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl və Türkiyənin digər yüksək səviyyəli hökumət nümayəndələri də iştirak etmişdilər.

Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlanmışdır. Eyni zamanda bu, Türkiyənin şərq vilayətlərinin inkişafına təkan vermiş, nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirmişdir. Ulu öndərimiz Heydər Əliyev körpünün açılışı zərurətini belə xarakterizə etmişdir: “Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum. Naxçıvan Türkiyəyə açıldı”.

Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin bugünkü səviyyəsini, Türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işlər şərh edilərkən Sədərək-Dilucu körpüsünün əhəmiyyəti xüsusi vurğulanır. Çünki Sədərək-Dilucu körpüsü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıcı olmuşdur. Ötən 27 ildə qardaş ölkənin yaxın vilayətləri ilə muxtar respublika arasında iqtisadi-ticarət və humanitar əlaqələrin inkişafı davamlı xarakter almışdır. Ali Məclis Sədrinin 2010-cu ilin 26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi səfəri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə malik olmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə mövcud olan qarşılıqlı əlaqələr dinamik şəkildə inkişaf edir.

Türk dünyasının birlik və həmrəyliyində də Naxçıvanın xüsusi yeri olmuşdur. 2008-ci ildə Türkiyə Baş nazirinin Naxçıvana səfər etməsi, 2009-cu ildə isə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə iştirak etmək üçün Naxçıvana gəlməsi qardaş ölkənin Azərbaycanın bu qədim diyarına verdiyi önəmin əyani ifadəsidir. 2010-cu ilin oktyabr və 2018-ci ilin dekabr aylarında Azərbaycan-Türkiyə biznes-forumlarının Naxçıvanda keçirilməsi isə iqtisadi əlaqələrin yeni müstəvidə sürətli inkişafı üçün əlverişli imkanlar açmışdır. 2017-ci il dekabrın 20-də Türkiyə Respublikasının ozamankı Baş naziri Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.

Hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirilir. Xüsusilə iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Türkiyə hökumətinin qəbul etdiyi tənzimləmə qərarına görə Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlər tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı verilməsi isə ikitərəfli münasibətlərin uğurlu inkişafının nəticəsidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsindəki əməkdaşlıq da ilbəil genişləndirilir.

Bu gün muxtar respublikanın sürətli sosial-iqtisadi inkişaf dinamikası, ixrac potensialı, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq imkanları türk iş adamlarının bölgəyə marağını artırır, Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında bütün sahələrdə yaradılan qarşılıqlı əlaqələr durmadan inkişaf edir və möhkəmlənir. Artıq “Ümid” körpüsünün davamı olaraq Naxçıvanla Türkiyə arasında hava nəqliyyatının fəaliyyət göstərməsi və Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu xəttinin inşası blokada vəziyyətində yaşayan Naxçıvanın qardaş ölkə ilə əlaqələrindəki tarixi rolunun bərpasına hesablanmış məqsədyönlü addımlardır.

Türkiyə ilə Naхçıvan arasında digər sahələrdə оlduğu kimi, gömrük işi sahəsində də qarşılıqlı anlaşma şəraitində möhkəm əlaqələr mövcuddur. Sоn illərdə qarşılıqlı münasibətlərin daha da dərinləşməsi, birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl iş aparılır, müхtəlif sahələrdə razılıqlar əldə оlunur. Məhz bunun nəticəsidir ki, gömrük orqanlarımız 24 saat fəaliyyət göstərir. Hazırda hər iki tərəfdən gömrük infrastrukturunun modernləşdirilməsi istiqamətində görülən işlər qarşılıqlı münasibətlərə verilən önəmin ifadəsidir.

“Ümid” körpüsünün istifadəyə verilməsi, Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin qurulması, inkişafı və dərinləşməsi istiqamətində taleyüklü addım olmuşdur. Bu körpü təkcə Türkiyə ilə Azərbaycanı yox, eyni zamanda Türk dünyasını birləşdirən körpü kimi mühüm əhəmiyyətə malikdir. Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilən tədbirlərin böyük tarixi əhəmiyyətə malik olmasına diqqəti çəkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bizim bütün əlaqələrimiz qardaşlığımızın və dostluğumuzun əbədi nişanəsi, böyük Atatürkün və ümummilli lider Heydər Əliyevin izləri olan Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilir”.

Nuhcixan.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu