Heydər Əliyev Mərkəzinin parkında “İnnoFest Village” təşkil edilib - FOTOLAR




İyunun 1-də “İnnovasiya Festivalı” çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında “İnnoFest Village” təşkil olunub.



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Gənclər və İdman naziri Azad Rəhimov Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla birgə “İnnoFest Village”də İnnovasiyalar Agentliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu, VR oyunlar, dronlarla, robotlarla iş imkanı yaradan təlimlərin keçirildiyi, əyləncə zonası ilə təchiz edilmiş “Robopark” pavilyonunda olublar.

Bir neçə zonadan ibarət olan pavilyonda “Mars Academy” tərəfindən gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumatlar təqdim edilir. Proqramın hədəfi peşə seçimi mərhələsinə gəlib çatmış gənclərə özlərini müxtəlif peşələrdə sınamaqda, eləcə də düzgün seçim etməkdə kömək olmaqdır.

Bundan başqa, “Azercell” şirkətinə məxsus əyləncə zonasında interaktiv oyunlar, şirkətin göstərdiyi xidmətlərlə yanaşı, internet təhlükəsizliyi ilə bağlı məlumatlar təqdim olunur.

Həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən keçirilən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcək” mövzusunda rəsm müsabiqəsinin qalibləri də “İnnoFest Village”də elan edilib.

Birinci yerin qalibi 12 yaşlı Paşayev Əlcamal 300, ikinci yerin sahibi 12 yaşlı Aşımlı Əli və 10 yaşlı Əbdurrəhimli Ziya 200, üçüncü yeri tutan 10 yaşlı Əliyeva Aylin isə 100 AZN məbləğində pul mükafatı ilə mükafatlandırılıb.

Qalibləri təbrik edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, onların rəsmlərindən poçt markaları hazırlanaraq dövriyyəyə buraxılacaq.

“İnnoFest Village” çərçivəsində həmçinin “Baku Open Cyber Cup” kiber idman turniri təşkil edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçirilən turnirdə “playstation” platformasında iki oyun növü “PES 2019” üzrə yarışlar olub. Turnirdə 15 yaşdan yuxarı şəxslər iştirak ediblər. Hər bir oyun növü üzrə seçilmiş 64 iştirakçı gücünü sınayıb. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra qaliblər müəyyənləşdirilib. Yarışın qalibləri pul mükafatı ilə təltif olunub.

“İnnoFest Village” öz işini sabah da davam etdirəcək.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu