Ermənistanın müdafiə naziri: “Elşən Xəlilovun ölüm əmrini şəxsən vermişdim”




Dünən cəbhə xəttində erməni tərəfinin açdığı atəş nəticəsində Gədəbəy rayonu, Köhnəqışlaq kəndinin sakini, 2000-ci il təvəllüdlü, əsgər Elşən Xəlilov şəhid olub.

AFN ölkə.az-a istinadən xəbər verir ki, Tərtər rayonunda baş verən bu insidentdən bir neçə gün əvvəl Ağdam istiqamətində də erməni snayperin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun mayoru Aqil Ömərov şəhid olmuşdu.

Ermənistanın müdafiə naziri David Tonoyan bu gün bəyan edib ki, Tərtər istiqamətində azərbaycanlı əsgərin öldürülməsi əmrini şəxsən verib. Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, azərbaycanlı əsgəri şəhid edən erməni hərbçilər mükafatlandırılıb. Bəyanatda bildirilir ki, 1 iyun tarixində Xocavənd istiqamətində Azərbaycan mövqelərindən açılan atəş nəticəsində erməni əsgər Sipan Melkonyan öldürülüb. Bu isə qisas aksiyası olub.

Tonoyanın bəyanatı bir daha sübut edir ki, cəbhə xəttində törədilən təxribatların arxasında birbaşa Ermənistan rəhbərliyi dayanır. Maraqlıdır ki, Sankt-Peterburqda keçirilən iqtisadi forumda azərbaycanlı jurnalistin Paşinyana ünvanlandığı sualdan baş nazir yayınmağa çalışıb və bildirib ki, azərbaycanlı əsgərin öldürülməsi faktı təxribatdır və hazırda istintaq aparılır. Guya həmin gün növbədə duran erməni əsgərlərin silahları yoxlanılıb və məlum olub ki, atəş açılmayıb. Guya toplanan faktlar Azərbaycan tərəfinə təqdim edilib.

Təbii ki, Paşinyanın açıqlaması növbəti yalan və absurddur. Söhbət təxribatdan gedir, bu təxribatı xüsusi hazırlanmış snayper törədib. Silahların yoxlanması məsələsi isə sadəcə məsuliyyətdən yayınmaqdır.

Bu gün isə erməni nazir etiraf edir ki, əmri şəxsən verib. Bundan sonra isə söz Azərbaycan Ordusunun olacağına inanırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu