İsrail vətəndaşlarına Azərbaycana getməyi məsləhət görmür - RƏSMİ
İsrail Milli Təhlükəsizlik Baş Qərargahı yəhudi tətilləri (yəni Rosh Hashanah, Yom Kippur və Sukkotun qeyd olunduğu yəhudi Tişrei ayının tarixləri) ilə əlaqədar olaraq "turist xəbərdarlığı" yayımlayib, burada israillilərin getmələri tövsiyə olunmayan ölkələr və bölgələr qeyd edilib.
Virtualaz.org 9tv.co.il telekanalının veb saytına istinadən bildirir ki, israillilərə ziyarətin tövsiyə olunmadığı ölkələr arasında Azərbaycan da var.
Kanalın saytında verilən məlumata görə, israillilər bu tətillərdə Sinaya getməkdən qəti şəkildə çəkinməyə çağırılırlar. Bundan əlavə, qərargah Türkiyə, Misir və İordaniyaya səfər etməyi tövsiyə etmir.
"Bütün bu yerlərdə islamçı terrorçuların yəhudilərə, xüsusən də israillilərə hücum etmək üçün inkişaf etmiş infrastrukturları və hazırlıqları var", - deyə məlumatda bildirilir.
İsrail qərargahından verilən məlumata görə, Asiyada, xüsusən də Taylandda, Filippinin cənubunda və Hindistanın Kəşmir əyalətində terror aktivliyi müşahidə olunur.
Qeyd edilir ki, Qərbi Avropada Yaxın Şərq müharibələrindən qayıdan keçmiş İŞİD-çilərin, habelə İŞİD ideologiyasını dərindən əxz etmiş yerli islamçıların ayrıca hücum və bəzi fəaliyyətlərinin olma ehtimalı var.
Bundan əlavə, İran və Yaxın Şərqi əhatə edən ölkələrə - Azərbaycan, Gürcüstan, Ermənistan və Türkmənistana, Fars körfəzi ölkələrinə, Afrika, Mərkəzi və Cənub-Şərqi Asiyaya da səyahət etmək tövsiyə olunmur.
İsrail qərargahı 40 ölkəyə və bölgəyə, o cümlədən Azərbaycana müəyyən bir təhlükə səviyyəsi (Təhlükənin 1-ci səviyyəsi (getməyin, əgər oradasınızsa-dərhal tərk edin), 2-ci səviyyəsi (getməyin, əgər oradasınızsa - mümkün qədər tez çıxın), 3-cü səviyyəsi (ziyarətdən çəkinin) və 4-cü səviyyəsi (real ehtiyac olmadan səyahət etməkdən çəkinin və olduğunuz ölkədə təhlükəsizlik tədbirləri görün) xəbərdarlıqlarını nəzərdə tutur) təyin edib.
Azərbaycan, Mərakeş, Nigeriya, Şri-Lanka və Omana 4-cü təhlükə səviyyəsi təyin edilib.
Qərargah xatırladır ki, xəbərdarlıqda adları sadalanan ölkələrin hər hansı birinə səyahət edərkən israillilərə sosial şəbəkələrdə konkret planlar, o cümlədən yaşayış yeri, otel adı, uçuşların tarixi və vaxtı, turist marşrutu, real vaxt-məkan nişanları barədə yazmamaq tövsiyə olunub.
Qeyd edək ki, İsrail Milli Təhlükəsizlik Baş Qərargahının vətəndaşlarına Azərbaycana gəlməmələri barədə tövsiyələr verməsi rəsmi Yerevanın İsraildə Ermənistan səfirliyini açması ilə bağlı qərarından dərhal sonraya təsadüf edib.