Kiyevdə gənc azərbaycanlının qətlinin yeni DETALLARI




Ukraynada öldürülən azərbaycanlı tələbə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.



Hadisə ilə bağlı Lent.az-a açıqlama verən Azərbaycanın Ukraynadakı diasporunun rəhbəri Hikmət Cavadov qətllə bağlı bir sıra detalların üstünü açıb:

“Hadisəni törətdiyi deyilən şəxs mərhum Cavid Hacıyevlə birinci kursda eyni qrupda oxuyub. Sonradan o, universitetdən qovulub. Buna baxmayaraq, onların araları yaxşı olub, daim münasibət qurublar. Şübhəli bilinən şəxs Almaniyadan Ukraynaya gəlib və Cavid Hacıyevlə bir mənzildə kirayədə yaşayıblar. Məhz bundan 2-3 gün sonra da otaqda gəncin nəşi tapıldı.

Qətlin kim tərəfindən törədilməsi ilə bağlı dəqiq məlumat yoxdur. Ancaq mərhum Cavid Hacıyevin nəşi tapılana qədər şübhəli bilinən şəxs Ukrayna sərhədindən Moldovaya qaçıb. Bu da onun qatil olması ilə bağlı mərhumun ailəsinin irəli sürdüyü ittihamları daha da gücləndirir.

Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalar aparır. Cinayətin motivləri hələ də bəlli deyil”.

Hikmət Cavadov baş verən hadisə ilə bağlı Azərbaycan mediasına dərhal məlumat verilməməsinin səbəbini də açıqlayıb:

“Özümüz hadisə ilə bağlı Azərbaycan mediasına məlumat vermədik. Çünki mərhumun ailə üzvləri yaxınlarının ölümü ilə barışmayıb intihar edə bilərdilər. Ancaq meyitin tapıldığı gün Kiyev polisindən mərhumun anasına məlumat verilmişdi və o, hadisə yerinə gəlmişdi.

Bu hadisə ilə bağlı Azərbaycan Prokurorluğundan verilən notaya gəldikdə isə... Məncə, buna ehtiyac yox idi. Onsuz da baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları aidiyyəti üzrə addımlar atmalıdır və atır”.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib. Belə ki, İqtisad Universitetində magistr təhsili alan 22 yaşlı Cavid Hacıyevin Kiyevdə öz həmyerlimiz 23 yaşlı Əli Abdullayev tərəfindən öldürüldüyü iddia olunur.

Ukrayna KİV-in yazdığına görə, hadisə Çiqorin küçəsində baş verib və Cavidin nəşi üç gün sonra aşkarlanıb. Qonşuların evdən pis qoxu gəlməsi haqda şikayətindən sonra mənzilin giriş qapısını sındıran hüquq mühafizəçiləri otaqda bıçaq yaraları və çoxsaylı bədən xəsarətləri alan 22 yaşlı Azərbaycan vətəndaşının cəsədini aşkarlayıblar.

Oradan, eyni zamanda, benzinlə çalışan mişar, üç konistr yandırıcı maye, rezin maska, balta, torbalar və digər predmetlər götürülüb. Ehtimala görə, cinayətkar bu alətlərin köməyi ilə meyiti doğramağa və torbalara doldurub mənzildən çıxarmağa hazırlaşırmış.

Mərhum Cavid Hacıyev rəqqas imiş. Onun Azərbaycanın məşhur incəsənət xadimi Telman Hacıyevin nəvəsi olduğu bildirilir.

Anası isə Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyevadır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu