Keçən il birinci müavindən şikayətçi idi, bu il iki böyük tenderi uddu - Şabran RİH-də MÜƏMMA


Şabran Rayon İcra Hakimiyyəti tender keçirərək “Şabran D” MMC-ni qalib elan edib. Nəticədə Şabran şəhərinin küçə yollarının təmir işləri üçün 447 min 22 manat 35 qəpik, Şabran şəhərində abadlıq işlərinin aparılması üçün isə 395 min 412 manat 69 qəpik "Şabran D” MMC-yə ödəniləcək.



AFN xəbər verir ki, kifayət qədər yüksək məbləği əhatə edən tenderin qalibi “Şabran D” MMC-nin direktoru Cəlal Bədəlov bir müddət əvvəl qalmaqallı bir mövzu ilə gündəmə gəlib. Belə ki, C.Bədəlovla elə Şabran RİH başçısının birinci müavini Mehdi Balabəyov arasında ciddi maliyyə konflikti olub. Hətta 227 min manatlıq məsələ məhkəmələrə qədər daşınıb, yerli mediada C.Bədəlovun şikayətləri tirajlanıb. Həmin qalmaqallı məsələni qısaca olaraq bir daha xatırlatmaq maraqlı olar. Təxminən bir il əvvəl yayılan məlumatlarda bildirilirdi ki, “Şabran D” MMC-nin rəhbəri Şabran rayon icra başçısı Novruz Novruzova (hazırda Siyəzən rayon icra başçısıdır, Şabran RİH başçısı isə Asif Hüseynovdur-red.) şikayət məktubu ünvanlayıb. Məktubda iş adamı Şabran RİH başçısının birinci müavini Mehdi Balabəyovun mənimsədiyi 227000 manat pulun ona qaytarılmasında yardımçı olmağı xahiş edir: "Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyovun məndən mənimsədiyi 227000 manat pulu geri almaq üçün dəfələrlə Mehdi Balabəyovun və Sizin qəbulunuzda olmuşam. Çox get-gəldən sonra mənə 50000 manat pul qaytarılıb və yenə də gözləməyi təklif ediblər. Lakin o, sonradan pulu qaytarmadı. Onun bu hərəkəti ilə bağlı dəfələrlə Sizə və Hüquq Mühafizə Orqanlarına müraciət etsəm də, müraciətimə baxılması üçün Şabran rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bu müraciətimə isə İcra Hakimiyyətinin müavini – barəsində şikayət etdiyim şəxsin həmkarı müavin Fikrət Nuşiyev cavablandıraraq guya mənim şikayət ərizəmdə yazdıqlarımın yalan olduğunu və sübuta yetmədiyini, mənim həmin şəxsdən şikayətimin qərəzli xarakter daşıdığını bildirib. Bundan sonra mən mülki qaydada pulumu almaq üçün 26 dekabr 2017-ci ildə Şabran rayon məhkəməsinə müraciət etmişəm".
Qeyd edək ki, bütün məhkəmə instansiyalarında şikayətçinin şikayəti təmin edilməyib. O, qərarların ədalətsiz olduğunu bildirib, başçıdan yardım istəyib.
"Ağa durur, ağacan durur" deyiblər. Maraqlıdır, M.Balabəyov yenə də eyni vəzifədədir, “Şabran D” MMC-yə yenə C.Bədəlov rəhbərlik edir. Belə qalmaqallı şirkətin yenidən rayonda nə az, nə çox, 850 min manata yaxın tenderi udması necə baş verib?!
Mövzunu araşdıracağıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu