“Ailəmi də yığıb doğma rayonuma getmək üçün hazırlaşıram” – usta Vüqar
Bu dəfəki həmsöhbətimiz haqda artıq keçmiş məcburi köçkün deyə bilərik. Məhərrəmov Vüqarın doğulduğu Ağdam rayonu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib. 1981-ci ildə Ağdam rayonunda anadan olan Vüqar usta hazırda Mingəçevir şəhərində məcburi köçkünlər üçün tikilən binada yaşayır. Çox böyük sevinc və qürur hissilə doğma rayonuna qayıdacağı günü gözləyir.
V.Məhərrəmov digər bir çox həmsöhbətlərimiz kimi, tikintinin bütün sahələri üzrə işi bacarır: “Hörgü, suvaq, dam çatmaq, döşəmə-tavan vurmaq, hamısı gəlir əlimdən. Bundan əlavə, Böyük Britaniya şirkətlərindən birində peşə təcrübəsi qazanaraq xarratlığı öyrənmişəm. Ondan sonra Türkiyəyə gedib həm işləmişəm, həm öyrənmişəm bu sənəti. 2004-cü ildən sırf peşəkar surətdə tikinti sahəsində işləyirəm”.
Ali təhsil almaq arzusu olsa da, ağır keçən məcburi köçkün həyatı bu arzusunu reallaşdırmağa imkan verməyib: “Köçkün kimi tez-tez yer dəyişməyimiz normal təhsil almağıma imkan vermədi. Biz əvvəlcə Yevlaxda məskunlaşmışdıq, 1 il orada qaldıq, sonra köçdük Mingəçevirə. Atam rəhmətə getdi, ailənin bütün ağırlığı mənim üstümdə qaldı. Böyüyəndən sonra da məcburən əməyə yönəldim. Hazırda anam, yoldaşım, 4 uşağımla bərabər 7 nəfərlik ailənin dolanışığı mənim üzərimdədir. İş bol olsa da, sms icazə ilə çıxdığımıza görə gedə bilmirik, dolanışıq xeyli çətinləşib”.
Yuxarıda da qeyd etdiyimiz kimi, Ağdama gedəcəyi günü səbirsizliklə gözləyir: “Mingəçevirdə Norm Ustalar Klubunun səfiriyəm, 15-ə yaxın ustam var. Onlar da, kənardan başqa ustalar da tez-tez soruşurlar ki, nə vaxt başlayır işlər, gedək həm işləyək, bir xeyrimiz dəysin, həm oraları görək. Mən ora dizin-dizin sürünərək gedəcəm, torpağını öpəcəm inşallah! Bütün ailəmiz sevinclə gözləyir ki, köçək öz doğma yurdumuzda yaşayaq”.
Sənətinə böyük sevgisi ailəsinin ağır günlərində dayaq yeri olmasından irəli gəlir: “Gözümü açıb bu sənətlə məşğul olmuşam, ailəmi dar günlərdən bu sənətin hesabına çıxarmışam. Allah nə qədər ömür versə, o qədər də bu işlə məşğul olacam”.
Özünə təzə maşın alıb. Deyir ki, onu da Ağdama getmək üçün alıb: “Allah şahiddir ki, məhz o arzuyla təzəcə almışam maşını. İnşallah, ailəmi də yığıb doğma rayonuma getmək üçün hazırlaşıram”.
P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.