100-dək əlilə avtomobil verildi - FOTOLAR
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, o cümlədən onların avtomobillə təminatı tədbirlərinin də ildən-ilə uğurla davam etdirilməsinə imkan verib.
AFN xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov həmin kateqoriyalardan olan vətəndaşlara Nazirlik tərəfindən 96 avtomobilin təqdim edilməsi tədbirində vurğulayıb.
Nazir müavini bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi kimi möhtəşəm Zəfəri ilə əlamətdar olan 2020-ci ildə ölkəmizdə sosial sahədə də mühüm addımlar atılıb. Sosial müdafiə və aktiv məşğulluq proqramları uğurla davam etdirilib və daha da genişləndirilib.
A.Kərimov bu gün daha 96 nəfər avtomobillə təmin edildiyini deyib. O, müharibə ilə əlaqədar əlilliyi olanlara və onlara bərabər tutulanlara - hərbi xidmət vəzifələrini yerinə yetirməklə, habelə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 7150 avtomobil verildiyini diqqətə çatdırıb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə və fərdi evlə təminat proqramının da xeyli genişləndirildiyini deyib.
Qeyd edib ki, bu kateqoriyalardan olan vətəndaşlar üçün digər sahələrdə də sosial dəstək tədbirləri həyata keçirilir, sosial təminatları gücləndirilir. Eyni zamanda, ölkəmizdə tibbi-sosial reabilitasiya sistemi müasir tələblərə uyğun qurulur, yeni reabilitasiya müəssisələri açılır. Nəticədə əlilliyi olan insanların reabilitasiya xidmətləri ilə təmin olunmaq imkanları, həmçinin bu xidmətlərin keyfiyyəti getdikcə artır.
A.Kərimov əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sahəsində mühüm işlərin aparıldığını deyib. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına bir sıra yeni reabilitasiya vasitələrinin əlavə edildiyini, ölkəmizdə artıq yüksək texnologiyalı protezlərin istehsalı və təqdim edilməsi işlərinə başlandığını diqqətə çatdırıb. Bütün bunların Azərbaycanda həssas əhali qruplarına yüksək qayğının göstəricisi olduğunu vurğulayıb.
Avtomobillə təmin olunan vətəndaşlar Zəfər fərəhini yaşadıqları bu günlərdə mühüm sosial müdafiə proqramlarının da uğurla davam etdirilməsindən, avtomobil ilə təmin olunmalarından razılıqla bəhs edib, onlara göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.