Türkiyədə onlayn satış aksiyasından əldə edilən vəsait “YAŞAT” Fonduna ianə edildi


Türkiyədə iki qardaş ölkənin rəssam və heykəltəraşlarının əsərlərindən ibarət “Bir millət, iki dövlət” şüarı altında onlayn satış aksiyası keçirilib.



Kampaniya Türkiyənin Yəditəpə Universitetinin Gözəl Sənətlər fakültəsinin müəllimi, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayev və Bilecik Şeyx Edebali Universitetinin Gözəl Sənətlər fakültəsinin müəllimi Elçin Mustafayevin təşəbbüsü ilə reallaşıb.

Aksiyadan əldə edilən 90 min tük lirəsi tarixi Azərbaycan torpağı olan Qarabağın erməni işğalından azad edilməsi uğrunda şəhid olan və yaralanan hərbçilərimizin ailələrinə verilməsi məqsədilə “YAŞAT” Fonduna ianə edilib.

Yardımlaşma kampaniyası haqqında məlumat verən Teymur Rzayev deyib: “Bu aksiyanın keçirməmizdə əsas məqsəd nə qədər əsərin satılacağı və ya əldə edilən gəlir deyil. Məqsədimiz iki qardaş ölkə rəssamlarının Azərbaycanın haqlı davasında yanında olduğunu və həmrəyliyini nümayiş etdirməkdir. Azərbaycanın nə qədər güclü bir dövlət olduğu və hər bir vətəndaşının qayğısına qaldığı bütün dünyaya bəllidir. Buna baxmayaraq hər kəs vətəni, torpağı üçün əlindən gələni etməyə borcludur. Bu, maddi və ya mənəvi dəstək ola bilər. Əsas olan həmrəyliyimiz, birliyimizdir.

Bizim təşkil etdiyimiz bu kampaniyada Azərbaycanla yanaşı, Türkiyənin də korifey fırça ustalarının iştirak etməsi qürurvericidir. Hesab edirəm ki, Azərbaycan və Türkiyə rəssamlarının bu həmrəyliyi bütün incəsənət aləmi üçün nümunədir”.

Yardımlaşma kampaniyasına rəngkarlıq, qrafika, heykəltəraşlıq, keramika üzrə 86 mütəxəssisin ümumilikdə 140 əsəri təqdim edilib.

Aksiyada Azərbaycanın və Türkiyənin rəsm sənətinin dünyaca məşhur adları Özdemir Altan, Devrim Erbil, Yalçın Gökçebağ, Aydın Ayan, Yalçın Karayağız, Mahir Güven, Rəsul Aytemür, Gürbüz Doğan Ekşioğlu, Gülveli Kaya,Zahit Büyükişleyen, Teymur Rzayev, Rəhim Məmmədov, Faiq Ağayev, Rasim Nazirov, Ziyad Sultanov, Məzahir Afşar, Səid Rüstem, Lətafət Məmmədova, İlham Ənvəroğlu, Şahin Məmmədov, Assim Rəsuloğlu və digərləri iştirak ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu