Musa Quliyev: “Proqnozlar özünü doğrultmadı...”
Ötən ilin sonunda verilən proqnozlar özünü doğrultmur. Nikbin proqnozlar var idi ki, əgər vaksinasiya başlayarsa, bu ilin ilk yarısında vəziyyəti stabilləşdirmək mümkün olacaq. Amma çox təəssüf ki, virus gözləniləndən də daha çox mutasiyaya uğrayır.
Bu fikirləri da Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, artıq virusun Cənubi Afrika və Böyük Britaniya ştammları ortaya çıxıb: “Ölkəmizdə də artıq Böyük Britaniya ştammı aşkarlanıb. Zaman etibarı ilə müxtəlif vaksinlər də buraxılıb. Bu vaksinlərin də keyfiyyəti haqqında fərqli informasiyalar eşidilir. Artıq bir sıra ölkələr "Astra-Zeneca" vaksinin tətbiqini dayandırıb. Avropanın bir sıra ölkələrində bu vaksinin istifadəsinə qadağa qoyulub. Belə bir fonda əsas diqqət yenidən klassik qorunma tədbirlərinə yönəlir. Sosial məsafənin gözlənilməsi, maskadan və dezinfeksiyaedici maddələrdən istifadə, testlərin sayının çoxaldılması tövsiyə olunur”.
Komitə sədrinə görə, Azərbaycanda vaksinasiya prosesi normal gedir: “Vaksin vurduranların heç birində bu günə qədər yan təsir və ağırlaşma kimi hallar qeydə alınmayıb. Buna baxmayaraq, ikinci doza vurulduqdan sonra yoluxma hallarının olmasına diqqət edilməlidir. Bundan sonra vaksinin etibarlılığı barədə fikir söyləmək olar. Operativ Qərargah da öz möqeyini açıqlayacaq. Amma buna baxmayaraq, insanlarımız diqqətli olmalıdır. Hər kəs vaksinasiyadan keçməlidir. Vaksinin vurdurulub-vurdurulmamasından asılı olmayaraq ehtiyatı əldən verməməliyik”.
Musa Quliyev bayram günlərində karantinin yenidən sərtləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq aydınlıq gətirib: “Yoluxmadakı statistikanın artması bir qədər narahatlıq yaradır. Hər bir vətəndaş öz sağlamlığı ilə digərlərini də qorumuş olar. Artıq yazın gəlişi ilə kənd yerlərində əkin-biçin işlərinə start verilib. İnsanlar uzun müddət qapalı rejimdə qaldıqca psixoloji gərginliklər yaşayırlar. Ona görə sərtləşdirilmənin tərəfdarı deyiləm. Əgər belə bir addım atılacaqsa da, qısamüddətli qapanmalara gedilə bilər. Uzunmüddətli qapanma iqtisadi-sosial psixoloji cəhətdən də zərərlidir”. /Teleqraf