Leyla Əliyeva Qızılağac Milli Parkında - FOTOLAR
Aprelin 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qızılağac Milli Parkına səfər edib.
Milli parkın ərazisi, zəngin fauna və florası ilə tanış olan Leyla Əliyeva daha sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə sahilyanı və dəniz qoruqları daxil olmaqla, xüsusi mühafizə olunan təbiət ərazilərinin gələcək inkişaf perspektivlərini müzakirə edib.
Səfər zamanı Leyla Əliyeva Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə körpə balıqların buraxılması, o cümlədən ölkəmizin yaşıllıq və meşə ərazilərinin artırılmasına dəstəyi nümayiş etdirmək məqsədilə milli parkın ərazisində Eldar şamlarının əkilməsi mərasimində iştirak edib.
Məlum olduğu kimi, son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.
Bununla əlaqədar, Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması, ölkəmizin daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.
Bu cür təşəbbüslərdən biri keçən ilin may ayından etibarən IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi "Zəngin hövzələr” layihəsidir. Layihə ölkənin müxtəlif yerlərində yerləşən göl və çaylara məxsus olan balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və məsuliyyətli balıq ovunun təşviqi üzrə davamlı və ardıcıl tədbirlərin təşkil edilməsini nəzərdə tutur.