Qızılağac Milli Parkının yaranması günü parkın ərazisində bir sıra tədbirlərlə qeyd olunub
Qızılağac milli parkının yaranması günü ilə əlaqədar “Xüsusi mühafizə olunan təbiət ərazilərinin potensialı, genişləndirilməsi, mühafizəsi və ekoturizmin inkişafı” mövzusunda Qızılağac milli parkında seminar-müşavirə keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, Nazirlik rəsmilərinin, milli park və qoruq rəhbərlərinin, sahə üzrə alim-mütəxəssislərin, bioloji müxtəlifliyin qorunması sahəsində fəaliyyət göstərən QHT-lərin iştirakı ilə keçirilən seminar-müşavirədə ölkə ərazisində bioloji müxtəliflik sahəsində mövcud vəziyyət, perspektivlər, bioloji müxtəlifliyin komponentləri, ekoturizmin inkişafı məsələləri müzakirə olunub, “Qırmızı Kitab”a düşmüş flora və fauna növlərinin mövcud vəziyyəti təhlil edilib.
Eyni zamanda, planetdə bioloji müxtəlifliyin qorunması sahəsində bugünkü çağırışlara cavab olaraq ölkədəki xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, mühafizəsi işində dünya təcrübəsinin tətbiqinin vacibliyi, yeni layihə və proqramların həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.
Ekoturizmin inkişafı istiqamətində müasir standartlara cavab verən tanıdıcı nişanların təkmilləşdirilməsinə, məlumat bazasının internet şəbəkəsi üzərindən daha geniş yayılmasına dair fikirlər səsləndirilib.
Tədbir çərçivəsində Qızılağac milli parkındakı Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələri buraxılıb.
Qeyd edək ki, Qızılağac Milli Parkı Xəzər dənizində ilk dənizkənarı mühafizə olunan ərazidir və parka aid su ərazisinin mühafizəsi dünyanın nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir.
IDEA İctimai Birliyi və “Blue Marine Foundation” təşkilatının birgə təqdimatına əsasən, 2019-cu ilin noyabr ayında Qızılağac Milli Parkı dünya sularının xilası üçün ümid yeri (Hope Spot) kimi seçilib.
Ümid yerləri “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir.