Dövlət idarələrində işçilərin məzuniyyəti kəsilir - Əmək qanunvericiliyi niyə pozulur?
Azərbaycanda bir sıra dövlət idarələrində, eləcə də nazirlik və nazirliklərin struktur qurumlarında çalışanlara tam olaraq məzuniyyət verilmir.
Bizim.Media-ya daxil olan məlumatlara görə, bu cür durumla üzləşən işçilərin sayı xeyli çoxdur. Onlara məzuniyyət günlərinin yarı hissəsi verilir.
Bir sıra qurumlarda bu durum məzuniyyət günlərinin sərt karantin dövründəki "evdə qal”-la əvəzlənməsi kimi izah olunur.
Məlumatlara görə, məzuniyyət hüquqlarının pozulması bir sıra idarə və müəssislərdə narazılıqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycanda işçilərə məzuniyyət verilməsi "Məzuniyyət haqqında” Qanunla tənzimlənir. Həmin qanunda bildirilir ki, əmək məzuniyyəti işçinin normal istirahətini, əmək qabiliyyətinin bərpasını, sağlamlığının mühafizəsini təmin etmək üçün istifadə etdiyi istirahət vaxtıdır. Bu məzuniyyət bir iş ilinə uyğun olaraq verilir və bu iş ili də işçsinin işə götürüldüyü gündən hesablanır.
Əmək Məcəlləsində isə qeyd olunur ki, məzuniyyətin müddəti işə götürənlə imzalanan əmək müqaviləsi əsasında müəyyənləşir.
Beləliklə, bir çox hallarda olduğu kimi, ölkəmizdə növbəti dəfə əmək qanunvericiliyi pozulur. Azərbaycan Həmkalar İttifaqı Konfedrasiyasından bununla bağlı hansısa açıqlama və ya işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı addım gözləmək isə yersizdir. Çox güman ki, bu Konfedrasiyanın mövcudluğu narazı işçilərin də çoxdan yaddından çıxıb.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə Bizim.Media-ya açıqlamasında bildirib ki, məzuniyyət hüququnun pozulması halları ilə daha çox özəl müəssisələrdə rast gəlinir:
"Əvvəllər bəzi dövlət orqanlarında məzuniyyətdə olan vətəndaşların işə çıxması halları olurdu, indi də bu var. Amma bu kimi hallar kütləvi deyil. Özəl sektorda, əmək müqaviləsi olmayan qurumlarda təəssüf ki, məzuniyyət hüququndan söhbət getmir. Bu sahədə əsas problem əsasən özəl müəssisələrdə yaşanır”.
Hüquqşünas qeyd edib ki, qanunvericiliyə görə, işçiyə məzuniyyət verilməlidir, hansısa səbəbdən məzunyyət verilmirsə, ona pul kampensasiyası ödənilməlidir:
"İndi belə bir təşəbbüslər var ki, kompensasiya məsələsi aradan qaldırılsın və işçilərə mütləq məzuniyyət verilsin. Müəyyən zərurət hallarında işçinin məzuniyyətdən geri çağırılma məsələsi var. Belə olan hallarda həmin işçi münasib vaxtda yenidən məzuniyyətə buraxılmalıdır. Digər hallarda isə işçilərə əmək məzuniyyət və əlavə məzuniyyət hüququ varsa, verilməlidir”.