Hüquqşünasın əmək hüquqları pozulduğuna görə şirkət rəhbəri cərimələnib
Gəncə Apellyasiya Məhkəməsində “Viator Mikro Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatının (BOKT) rəhbəri Aynur Əliyevanın apellyasiya şikayətinə baxılıb.
“Report”un məlumatına görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şirkət rəhbərinin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, “Viator Mikro Kredit Azərbaycan” MMC-nin hüquqşünası Səbuhi Mustafayev şikayət ərizəsi ilə Dövlət Əmək Müfəttişliyinin Gəncə Regional İdarəsinə müraciət edib. O müraciətində göstərib ki, BOKT-da 3 il hüquqşünas vəzifəsində işləyib. İşlədiyi müddətdə işəgötürən tərəfindən onun bir sıra əmək hüquqları, o cümlədən məzuniyyət hüququ pozulub. Belə ki, müdiriyyət tərəfindən ona mütəxəssis olaraq, 30 təqvim günün məzuniyyət hesablanmalı olduğu halda cəmi 21 gün hesablanıb.
Bildirib ki, ona müvafiq olaraq da məzuniyyət haqqı daha az hesablanıb. Bu səbəbdən o, hesab edir ki, əmək hüquqları pozulub və təqsirkar şəxslər məsuliyyətə cəlb olunmalıdır.
Dövlət Əmək Müfəttişliyininin Gəncə Regional İdarəsinin qərarı ilə “Viator Mikro Kredit Azərbaycan” MMC-nin rəhbəri A.Əliyeva İnzibati Xətalar Məcəlləsinin 192.5-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə təqsirli bilinib və o, 1 500 manat məbləğində inzibati cərimə edilib.
Şirkət rəhbəri həmin qərardan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət edib. O, qərarın ləğv edilməsini istəyib. Məhkəmə qərarı dəyişdirmədən saxlayıb. Daha sonra A.Əliyeva apellyasiya şikayəti ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, “Viator Mikro Kredit Azərbaycan” MMC-nin təsisçisi Norveçin “Viator As” təşkilatıdır.