ÜST-dən vaksinin iki dozası ilə peyvəndlənənləri sevindirəcək xəbər
Koronavirisun "delta" ştammı digər variantlardan daha yoluxucudur, vaksinin iki dozası ilə peyvəndlənmək təhlükəli ştammlardan yüksək müdafiəni təmin edir.
AFN xəbər verir ki, bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosundan bildiriblər.
Azərbaycanda vaksinasiya prosesinin sürətlənməsi və ümumi sağlamlığın qorunması ilə bağlı tövsiyələri şərh edərkən bürodan bildiriblər ki, insanlar virusun yayılmasına nəzarəti gücləndirən sosial tədbirlərə əməl etməlidiri:
"Yəni, respirator gigiyenaya əməl etmək, o cümlədən qapalı və çox insan olan yerlərdə maska taxmaq, fiziki məsafə, əllərin gigiyenası və ventilyasiya olunan açıq məkanlara üstünlük vermək lazımdır".
Qeyd olunub ki, bütün dünyada insanlar peyvəndlənməni davam etdirməlidir:
"Məlumatlar onu göstərir ki, "delta" ştammı digər variantlardan daha yoluxucudur, vaksinin iki dozası ilə peyvəndlənmək bu ştammdan yüksək müdafiəni təmin edir. Tibb işçiləri vaksinin təhlükəsizliyi və səmərəliliyi barədə təbliğatdda vacib rol oynaya bilər".
Bürodan onu da bildiriblər ki, ÜST-ün əsas tövsiyələri səfər etmək və ya evdə qalmaqdan asılı olmayaraq peyvənd olunmaq, səfər etməzdən qabaq onun vacibliyini qiymətləndirmək və səfər edərkən ehtiyatlı olmaq, evdən çıxandan evə qayıdanadək müddət ərzində yoluxma riskini nəzərə almaq və bütün zəruri tədbirləri görməkdən ibarətdir:
"Unutmayın, vacib olan səfərin özü deyil, həm də səfərin yeridir. Qapalı, məhdud və dolu məkanlar COVID-19-a yoluxma riskini artırır. Açıq, ventilyasiya olunan məkanları seçin, bir-birinizdən bir metrdən az olmayan məsafədə dayanın və maska taxın".