3 medallı qaziyə ev düşmür! - Başçının müavini

Sosial şəbəkədə Astara rayonunun Səlivə kəndində Vətən müharibəsi qazisi Məlik Məlikovun yaşadığı evin görüntüləri paylaşılıb.
AFN.az xəbər verir ki, jurnalist Kamil Həmidovun çəkdiyi və paylaşdığı fotolarda qazinin palçıqdan hörülmüş balaca daxma ailəsi və atası ilə birgə yaşadığı bildirilir. Ev kimi təqdim edilən tikilidə yaşayan müharibə iştirakçısı ölkə başçısı tərəfindən üç medalla təltif edilib. Müharibə iştirakçısının belə bir şəraitdə yaşaması müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri dövlət qurumlarını və məmurları müharibə iştirakçılarının, qazilərin güzəranının yaxşılaşdırılması üçün addım atmamaqda qınayıblar.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan Səlivə kənd üzrə icra nümayəndəsi Əbülfəz Qüdrətov bildirib ki, qazi atası ilə birgə yaşayır: “Ev onun atasının evidir. İndi ev tikmək istəyirsə, mən nə deyə bilərəm? Bizə müraciət olunmayıb. Olunsa belə, biz ona nə kömək edə bilərik ki? Atası ilə yaşayır, heç bir yerdə işləmir. Təsərrüfatla məşğul olurlar, iş olanda işləyir. Bu yaxında eşitmişəm ki, Bakıda haradasa işləyir”.
Kənd bələdiyyə sədri Mayıl Muradov isə saytımıza açıqlamasında qazinin atasının öz şəxsi hesabına ev tikdirdiyini deyib: “Onların ata evi əvvəldən elə olub. Atası təzə ev tikdirir, amma hələ bitməyib. Bağlarını, həyətyanı sahələrini əkib, biçib, oradan məhsul götürürlər. Heç bir sosial müavinət almır, ən dəqiqini özü bilər”.
"Bütün qazilərimizdən, onların yaşayış səviyyəsindən xəbərimiz var. O qaldı ki, sosial şəbəkələrdə olan görüntülərə, deyə bilərik ki, qazimiz Məlik Məlikov hazırda Bakıda yaşayır".
Bunu isə Modern.az-a açıqlamasında Astara rayon icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıqova bildirib. O, qazi Məlik Məlikovun ev istədiyini deyib: "Həmin evlər əllilliyi olan qazilərə verilir, bu qazimiz sığorta da almayıb. Çünki onun xəsarətləri yüngüldür, əlilliyi yoxdur. Amma biz əlimizdən gələn qədər ona və digər qazilərə yardımlar etmişik. Adi günlərdə ərzaq göndəririk, bayramlarda 100 manat pul verilir. Qazilərimiz bizdən razıdır. Bunu özləri də təsdiqləyə bilər. Onlar bizim baş tacımızdır, balamızdır".
"Qazi 100 manata bayramı necə keçirə bilər" sualına gəlincə, icra başçısının müavini belə cavab verib: “Nə qədər verməliyik pul? 1000 manat? Büdcədə nə qədər varsa, nə qədər imkan çatırsa, köməklik edirik. Bütün qazilərə necə lazımdır köməklik olunur, yaraları da, müalicələri də olunur. Rayonda iş olan kimi biz qaziləri işlə təmin edəcəyik. İlk sırada onlardır. Amma İcra Hakimiyyəti tərəfindən ev tikilməsi mümkün deyil. Büdcədə o qədər vəsait yoxdur. Çünki vətəndaşlara ev tikilmir, balaca rayondur, büdcəmiz kifayət etmir. Əlilliyi olsaydı, heç olmasa, “YAŞAT” Fondu köməklik edərdi. İnşallah, o qazimizə dövlətimiz ev tikər”.