Tullantı gətir, ting apar!
Ağac əkilməsinin təşviqi, eyni zamanda tullantıların sayının azaldılması və təkrar emala dəstək məqsədilə “Bir ağac-min nəfəs” devizi altında “Tullantıları tinglərə dəyiş” aksiyasına bu gündən start verilir.
AFN.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib . O qeyd edib ki, bu gün ting paylama aksiyası 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilir: “Aksiya zamanı vətəndaşlar plastik, şüşə, kağız, işlənmiş batareyaları təhvil verərək əvəzində ağac tingi əldə edə biləcəklər”.
S.Məmmədova hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC və “ASAN xidmət” mərkəzlərinin təşkilatçılığı ilə növbəti analoji aksiya 4 noyabr saat 13:30-da Quba “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək”.
“Tullantıları tinglərə dəyiş” aksiyaları barədə ətraflı məlumatı ETSN-in sosial şəbəkələrindən əldə etmək olar.