İki xəstə inək vermişdilər, yatdığı yerdən qalxa bilmirdi – şəhid atasının ŞİKAYƏTİ
Ucar rayonu Bağırbəyli kəndindən olan şəhid Təbriz Bəkirovun atası Ehdibar Bəkirov güzəranındakı çətinliklərdən şikayətçidir.
O, AFN.az-a ünvanladığı şikayət məktubunda bildirir ki, oğlu ali təhsilli idi 3 dil bilirdi: “Bakda işləyib ailənin dolanmasına köməklik göstərirdi. Təbriz şəhid olandan sonra ailəmizin dolanışığı çox ağırlaşdı.
Onun şəhidliyindən az sonar Ucar rayon Məşğulluq Mərkəzi tərəfindən mənə iki baş inək verildi. Az vaxt sonra həmin inəklər xəstə olduğu üçün tələf oldu, bu barədə akt tərtib edildi. Hətta inəklər o dərəcədə zəif idilər ki, gətirən gündən yatdığı yerdən ayağa qalxa bilmirdilər. Mənim başım oğlumun yasına qarışdığı bir vaxtda tez-tələsik iki baş xəstə inəyi bizə verib aldadan vəzifəli şəxslərə ar olsun deyirəm.
İnəklər öləndən sonra mən və həyat yoldaşım işsiz kimi Məşğulluq Mərkəzində qeydiyyata alınmışıq. Sakini olduğum Bağırbəyli kəndində və ya Ucar şəhərində işlə təmin olunmaq üçün Ucar rayon Məşğulluq Mərkəzinə müraciət etmişəm. Ancaq indiyə qədər işlə təmin olunmamışam. Buna baxmayaraq, Ucar rayonu Kommunal Müəssisələri Kombinatında indiyə qədər bir neçə şəxs işə qəbul olunub. Halbuki şəhid ailəsi olduğum üçün ilk olaraq növbədən kənar işə qəbul olunmalı idik. Bu, Prezidentin qərarıdır”.
Şəhid atası bildirir ki, 19 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin qəbulunda olan zaman onunla kobud rəftar edib: “Dedi ki, vətəni qorumağa sənin oğlun getməli idi. Sənə iki baş inək verilib, qəbul etmisən, indi səni işlə təmin edə bilmərik. Samir Nuriyev və Ucar rayon Məşğulluq Mərkəzi əlbir olub mənə qarşı qanunsuzluq ediblər. Nəticədə də süründürməçiliyə məruz qalmışam.
Qeyd edim ki, qızım Pedoqoji Unversitetdə oxuyur. Onun Bakı şəhərində yaşadığı evin kirayə və yemək pulunu güclə ödəyirik. Çıxılmaz vəziyyətdə qalmışıq. Məşğulluq Mərkəzi tərəfindən mənə və tanıdığım bir neçə şəhid ailəsinə verilən inəklər xəstə olduğu üçün tez bir zamanda tələf oldu. Mənim oğlum Vətən torpaqlarının azadlığı uğrunda döyüşən zaman Samir Nuriyev evində gizlənirdi. İndi isə məni ələ salıb təhqir edir”.
Dövlət Məşğulluq Agentliyindən AFN.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bütün şəhid ailələri kimi, şəhid Təbriz Bəkirovun ailəsi də dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub: “Ucar rayonu, Bağırbəyli kəndində yaşayan ailəyə şəhid ailələri üçün nəzərdə tutulan birdəfəlik və aylıq sosial ödənişlər təyin olunub, birdəfəlik maddi yardımlar edilib. Ailə mənzillə təmin edilmək üçün də qeydiyyata alınıb.
Şəhid ailəsinin məşğulluğuna da dəstək göstərilib. Şəhidin atası Bəkirov Ehdibar Akif oğlu özünüməşğulluq proqramına cəlb olunaraq, heyvandarlıq üzrə öz kiçik təsərrüfatını yaratması üçün 2020-ci ilin dekabr ayında ona iki baş inək verilib.
Aktivlər təqdim edilərkən E.Bəkirov onların keyfiyyətindən razılığını imzaladığı aktda, həmçinin özünün razılığı ilə çəkilən videoda da təsdiq edib.
Sonrakı müddətdə heyvanların xəstə olmasına dair heç bir müraciət etməyib, yalnız bir müddət sonra ərazi üzrə məşğulluq filalına müraciət edərək ona verilən heyvanların tələf olduğunu bildirib və yeni heyvanlar verilməsini istəyib.
Lakin heyvanların xəstə olması, öllməsi barədə təsdiqedici sənədlərlə (aktlar, mütəxəssis rəyi, fotoşəkil və s.) müraciəti olmayıb. Əgər bu sənədlər heyvanlar tələf olduqdan sonra bir ay ərzində təqdim edilərdisə, ona yenidən aktivlər verilə bilərdi.
O, özünün və həyat yoldaşının ödənişli ictimai işlə təmin olunmasını istəyir. Lakin “Məşğulluq haqqında” Qanuna əsasən E.Bəkirova özünüməşğulluq proqramına cəlb olunaraq aktivlə təmin edilib.
Həyat yoldaşının isə ictimai işlə təmin edilməsinə köməklik edilməsi üçün ərazi üzrə məşğulluq orqanına müraciət etməsi tövsiyə olunub”.