Xəzərdə suitiləri Rusiyanın Ukraynaya atdığı keyfiyyətsiz "X-22" raketləri öldürür - AÇIQLAMA


Azərbaycan Yüksəliş Partiyasının sədr müavini Vasif İsmayıl Xəzərdə suitilərin kütləvi ölümünün səbəbi ilə bağlı maraqlı məlumat səsləndirib.


AFN.az-ın xəbərinə görə, son həftələrdə Xəzərin Rusiya və Qazaxstan sektorunda 2 500 suitinin cəsədinin sahilə çıxdığına dair xəbərləri şərh edən V.İsmayıl bildirib ki, qırmızı kitaba düşəcək qədər sayı azalan suitilərin kütləvi ölümü təşviş doğurur: "Səbəbləri haqqında isə mütəxəssislər ciddi bir şey söyləmsə də, mənim bir fikrim var. Rusiya Ukraynaya qarşı apardığı müharibədə Engels şəhərində yerləşən hərbi hava limanından qalxan stratejik bombardmançı təyyarələrdən buraxdığı "X-22" və bu tərz raketlərdən istifadə edir. Bunun üçün təyyarə Engels şəhərindən qalxdıqdan sonra Xəzərin Rusiya akvatoriyasına gəlir və raketi oradan buraxır. Əslində Ukraynaya tuşlanmış raketi tərs, yəni Xəzər istiqamətindən buraxmağın bir səbəbi var: "X-22" raketinin yanacağı zəhərlidir və bu raketin ciddi problemləri var - raketlərin bir qismi təyyarədən fırladıldıqdan sonra uçmur, yerə düşür. Raket insan yaşayan torpaqlara düşməsin deyə, dəniz üzərindən atırlar. Görünür, Rusiyanın daha keyfiyyətli raketləri qurtardığı üçün problemli "X-22" raketlərini atmağa başlayıb və Xəzərə düşən nasaz raket sayı da artıb. Nəticədə, Xəzər də çirklənir, canlı təbiət də zərər görür".
V.İsmayıl xatırladıb ki, Xəzərin statusu haqqında 2018-ci ilin avqust ayında imzalanmış konvensiyanın tələbləri arasında Xəzər akvatoriyasına dair ciddi ekoloji şərtlər də var. Həmin şərtlərə əsaslanaraq xəzəryanı ölkələr Rusiyadan Xəzər dənizinin üzərindən hərbi əməliyyatlar keçirilməsini dayandırmağı tələb etməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu