Xaçmaz tullantı sutəmizləyici qurğusu istismara verilib - VİDEO
Böyük turizm potensialına malik şimal rayonlarında formalaşan tullantı sularının optimal idarə edilməsi, təmizlənərək kənarlaşdırılması məqsədilə inşasına 2019-cu ildə başlanılmış Xaçmaz tullantı sutəmizləyici qurğuları istismara verilib.
AFN.az xəbər verir ki, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə yeni layihələr icra olunur: “İndiyə qədər icrasına başlanılmış 54 şəhər və rayon mərkəzindən 33-də həm içməli su, həm də kanalizasiya, 13-də isə içməli su layihələri başa çatdırılıb. Qusar, Xaçmaz, Qobustan, Naftalan, Xızı şəhərləri və Altıağac qəsəbəsində layihələr Azərbaycan Hökumətinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilib. Bu gün istismara verilən qurğuda Xaçmazla yanaşı Quba və Qusar şəhərlərində, həmçinin Şahdağ Turizm Mərkəzində formalaşan tullantı suları təmizlənəcək”.
Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada qeyd edib ki, təmsil etdiyi ölkə Azərbaycanın 5 şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin maliyyələşdirilməsində iştirak edib. Onun sözlərinə görə bu layihələr əhalinin rifah halının yaxşılaşmasına, onların keyfiyyətli su ilə təmin olunmasına, eləcə də yaranan tullantı suların tam təmizlənərək ətraf mühitə zərər vermədən kənarlaşdırılmasına imkan yaradıb.
Tədbir iştirakçıları kompleksə baxış keçirib, qurğunun istismar imkanları ilə əyani tanış olub, qurğunun ərazisində ağac əkiblər.
Qeyd edək ki, Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə uyğun olaraq yeni qurğunun ümumi məhsuldarlığı 60 min kubmetr nəzərdə tutulur, ilkin olaraq qurğunun məhsuldarlığı sutkada 20 min kubmetr olan birinci mərhələsi istismara verilib. Layihəyə əsasən qurğuda durultma hovuzları, barmaqlıqlar, qumtucu və yağayırıcı kameralar, bio-fosfor, çökdürücü və təmizlənmiş suların saxlanılması üçün çənlər, nasos stansiyaları və digər sistemlər quraşdırılıb. Tullantı sutəmizləyici qurğu kompleksində transformator, kompressor, inzibati bina və digər yardımçı tikililər də inşa olunub. Qurğuda bioloji təmizləmədən keçən su Qudyalçay dərəsinə axıdılacaq və bu məqsədlə 2 km uzunluğunda daşıyıcı kollektor inşa edilib.