225 milyon 710 min manat mənimsənən büdcə vəsaitlərinin az hissəsidir - EKSPERT

Maliyyə Nazirliyində 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında büdcədən yayındırılan vəsaitlərlə bağlı məlumat verilib. Bildirilib ki, 2022-ci ildə büdcədən ayrılan vəsaitlərdən 225 milyon 710 min manat mənimsənilib.
AFN.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bunun mənimsənilən vəsaitlərin çox az hissəsini təşkil etdiyini bildirib: "Bu, tək Maliyyə Nazirliyinin yoxlamaları nəticəsində ortaya çıxan rəqəmdir. Nəzərə almaq lazımdır ki, büdcə vəsaitinin xərclənməsinə nəzarət edən başqa dövlət qurumları da var. Büdcənin sökülməsi faktı il boyu cəmi 185 qurumda aparılan yoxlamalar zamanı üzə çıxıb. Büdcəsən isə yüzlərlə obyektə/quruma vəsait ayrılır, 185-də yoxlama aparılır və məlum olur ki, 225 mln. manat oğurlanıb və ya təyinatsız xərclənib. Əgər büdcədən vəsait ayrılan bütün qurum və obyektlərdə yoxlamalar aparılsaydı, görəsən, nə qədər vəsaitin məmurlar tərəfindən həzm edildiyi üzə çıxardı?! Və ya, yoxlamalar zamanı neçə obyektin adı və oğurlanan vəsaitin həcmi haqqında məlumatlar zənglə, tapşırıqla və ya yoxlayan qalstuklu müəllimlərə yoxlanılan qalstuklu müəllimlər tərəfindən edilən "hörmətlə" siyahıdan çıxarılıb?!"