Kinomuzun FƏRYADI
Mart ayının 5-i Azərbaycan kinosunun əfsanələrindən biri, Ceyhun Mirzəyevin vəfat etdiyi gündür. Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Çox təəssüf ki, uşaqlıqdan filmlərdə (11 yaşında "Görüş", 12 yaşında "Ögey ana") filmlərdə rol alan belə bir sənətkarın anım günü TV və media tərəfindən çox soyuq keçirildi.
"Fəryad" filminə qədər bir birindən maraqlı filmlərdə rol aldı, ssenarist oldu, rejissor oldu. 1986-cı ildə rejissoru Ceyhun Mirzəyev olan "İşarəni dənizdən gözləyin" filmində həyatını risk altında qoyaraq, tam olaraq Azərbaycan Cümhuriyyətinin bayrağının orjinal formada göstərilməsi məhz onun sayəsində mümkün olub. Axı o zamanlar Cümhuriyyətimizin bayrağı barədə rəsmən nəinki danışmaq, heç onun adını çəkmək belə olmazdı. Həmin bayrağın 1986-cı ildə üzə çıxaraq bu filmdə ekranlara gətirilməsi o dövr üçün açıq surətdə təhlükə yaradırdı rejissor üçün. Lakin rejissorun və Azərbaycandan olan ziyalıların "bu filmdir, tarixi əsaslarla çəkilib, bayrağın orda olması sırf kinonun effekti üçün lazımdır" sözündən sonra bayraq olan səhnələr silinmir. Ceyhun Mirzəyev film vasitəsilə subliminal mesaj verir, sanki "bir kərə yüksələn bayraq, bir daha enməz" deyir. Bu addımı atmasına onun atası, Azərbaycan Demokratik Respublikasının milli ordusunda zabit kimi xidmət etmiş Ceyhun Mirzəyevin atası Cəmil Camal oğlu Mirzəyevi də vaxtsız itirməsi təsir edib.
Qarabağın, doğma Ağdamının, Abdal Gülablının itirilməsi, Xocalı soyqırımının baş verməsi ona çox pis təsir edir. Bunu özünə dərd eləyən Ceyhun Mirzəyev bir müddət içkiyə qurşanır. Lakin ailəsinin təkidi ilə özünə gəlir və qarşısına məqsəd qoyur ki, elə bir film çəksin, qarabağlıların, Qarabağın yaşadıqlarını, erməni vəhşiliklərini ortaya qoya bilsin. Beləcə "Fəryad" filminin ideyası yaranır və onu reallaşdırmaq üçün çox tələsir. Çünki ürəyində olan ciddi problemlər ona tez-tez təsir edirdi, sanki bilirdi ki, bu onun SON işi və həyatının SONU olacaq.
O, "Fəryad" filmini təkcə film kimi çəkmədi, faciənin dəhşətini hiss edə-edə xalqın, vətənin dərdini çəkdi. Özünə əziyyət verirdi, çox sarsılırdı.
Çəkilişlər Goranboyda aparılırdı. Filmin operatoru Kənan Məmmədov deyir ki, "Fəryad” filminin çəkişiləri zamanı Ceyhuna sui-qəsd olunub:
Ətraflı
"Filmdə bir səhnə var - balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və bu alçaqlığı edən ermənini öldürür. Bu səhnəni hərəkətlə çəkirdim. Kamera maşında idi. Ceyhun ağacların arasında qaçdığı müddətdə maşın da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi və yıxıldı. Demə, Ceyhun qaçdığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi bilmirik. Amma təbii ki, əvvəlcədən olunmuşdu. Ceyhun onu son anda görüb əlilə itələyib yıxılmasaydı, ip boğazını üzərdi. Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb yardım etdik".
Filmdə Ceyhun Allahverdi Bağırov, Şirin Mirzəyev, Fred Asif kimi qəhrəmanların obrazını oynadığı İsmayıl rolunda birləşdirə bilmişdi. Film bitəndən sonra ona ödənilən qonorarı son qəpiyinə qədər Xocalıdan olan insanlara paylamışdı.
1993-cü il martın 5-də Ceyhun Mirzəyev telestudiyaya gedir. Onun "Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşir. Diktor Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev yolda həyatla vidalaşır.
Ceyhunun ölümündən sonra, o ağır illərdə həyat yoldaşı Lidiya Qriqoryevna Bakıdakı evini satıb qızı ilə birlikdə Krasnodara köçür və orada yaşayırlar. Ceyhunun həyat yoldaşı vəfat edəndən sonra qızına bir nəfər evlənməyə söz verir və ona öz evini satdırır. Bir muddət birgə yaşadığı oğlan zavallı qızı narkotikə alışdırıb və onu atıb gedir. Son məlumata görə, Ceyhun Mirzəyevin yeganə qızı evsiz-eşiksiz küçələrdə, yol kənarındakı körpülərin altında yaşayır. Əgər ölməyibsə.....
Dosent Zaur Əliyev