Türkiyə “təhlükəli sularda üzür” – Ərdoğan hakimiyyəti sanksiyalarla üzləşə bilər


Türkiyə Rusiya ilə ticarət əlaqələrində Qərdin tələblərini icra etmədiyinə görə sanskiyalara məruz qala bilər. Rəsmi Ankaranın Avropa İttifaqından Rusiyaya gedən tranzit yüklərin rəsmiləşdirilməsi ilə bağlı bəyannamələri rədd etməsi Türkiyənin Qərblə münasibətlərində mövcud narazılığı artırıb.


Belə ki, Türkiyə gömrük sisteminin ölkədə istehsal olunmayan və Rusiyaya qarşı sanksiyalar tətbiq edən ABŞ, Kanada və Avropa İttifaqı üzvü olan digər ölkələrdən gələn mallar üçün tranzit bəyannamələrini verməkdən imtina etdiyi bildirilir.
ABŞ və Avropa İttifaqı Türkiyəni Rusiyaya qadağan olunmuş malların daşınmasına yol verməkdə ittiham edir. Əks təqdirdə, malların tranzitində şəffalıqdan yayındığına və bəyannamələrin verilməməsinə görə Türkiyəyə sanksiyalar tətbiq edilə bilər.
Əslində, Türkiyəyə sanksiya xəbərdarlığı Ukraynada müharibə başlayandan sonra bir neçə dəfə edilib. Bu yalnız gömrük bəyannamələri ilə bağlı deyil, ümumiyyətlə Rusiya ilə ticari-iqtisadi əlaqələrin davam etdirilməsinə görə baş verib. ABŞ ticarət nazirinin müavini Uolli Adeyemeo hələ ötən ilin avqust ayında Türkiyə Sənayeçi və İş Adamları Dərnəyinə (TÜSİAD) məktub göndərərək Rusiya qurumları və şəxsləri ilə iş görməmələri barədə xəbərdarlıq edib. Adeyemo onların sanksiyalarla üzləşəcəyini bəyan etmişdi. Lakin rəsmi Ankaranın bu məsələdə ABŞ-ın çağırışlarını ciddiyə almaması Vaşinqtonla siyasi münasibətlərdəki gərginliyi artırır.
Ona grə də Türkiyəyə qarşı mümkün sanksiyaların ilkin növbədə, ABŞ tərəfindən tətbiq olunması ehtimalı daha yüksəkdir. Çünki hazırda NATO üzvü və Ukrayna ilə həmsərhəd olan Türkiyənin Qərbin tələblərinə əməl etmədən Rusiya ilə iqtisadi-ticari əlaqələrini davam etdirməsini ABŞ özünün strateji maraqlarına zərbə sayır. Bu baxımdan, bu hadisə ABŞ və Avropa İttifaqı üçün daha çox siyasi problemdir. Ona görə də sanksiyalar barədə qərar qəbul olunarsa, Türkiyəyə yalnız iqtisadi deyil, həm də siyasi problemlər yarada bilər.
ABŞ Konqresində üstünlüyə malik demokratlar arasında antitürk əhval-ruhiyyəsinin güclü olduğunu nəzərə alsaq, bu cür təkliflər məmnunluqla dəstək qazanacaq. Bu halda Türkiyənin ABŞ-dan müasir "F-16 Block-70" qırıcılarını almasına birdəfəlik "yox" cavabı verilə bilər. Hazırda iki ölkə arasında gedən qapalı danışıqlarda Ankara ABŞ-dan qırıcıları verməyəcəyi təqdirdə, "F-35" proqramında iştirakına görə ödəməli olduğu 2 milyard dollardan artıq vəsaiti qaytarmağı tələb edir. Hətta Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Dövlət katibi Entoni Binkenlə birgə keçirdiyi mətbuat konfransında bunu açıq dilə gətirib. Ancaq Türkyəyə sanksiyalar tətbiq olunsa, ABŞ həmin maliyyə vəsaitini də qaytarmaqdan imtina edəcək.
Qərbin sanksiyaları prezident və parlament seçkilərinə hazırlaşan Türkiyə hakimiyyəti üçün arzuolunmazdır. Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən getməsində maraqlı olan Qərbin sanksiya qərarı Türkiyədə onsuz da ağır olan iqtisadi vəziyyəti daha da dərinləşdirə bilər. Bu da Türkiyə müxalifətinin lehinə işləyən amildir. Hətta sanksiyalar tətbiq olunmasa belə, Qərbin Türkiyədə müxalifətin qələbəsində maraqlı olduğu şübhə doğurmur. Ancaq qadağaların gündəmə gəlməsi fonunda Ərdoğan iqtidarı ilə artan narazılıq bu prosesi sürətləndirə bilər. Ona görə də Türkiyə hakimiyyətinin seçkilər öncəsi Qərbin təzyiqlərindən yayınmaq və mövqelərini möhkəmlətmək üçün tranzit yüklərin rəsmiləşdirilməsi məsələsində anlaşmaya çalışacağı ehtimal olunur.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu